Category: Manşet

  • Elvini gecə həyatına görə karyerasını məhv etməyə qoymayaq…

    Elvini gecə həyatına görə karyerasını məhv etməyə qoymayaq…

    Bir neçə gündür mediada “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin əsas komandadan qovulması ilə bağlı müxtəlif versiyalar irəli atılır. Futbolçunun gecə həyatına görə Qurban Qurbanov tərəfindən cəzaya məruz qaldığı bildirilir. 

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Cəfərquliyev həqiqətən gecə həyatına aludə olub və karyerasına zərbə vurub.

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dəfələrlə 25 yaşlı oyunçuya xəbərdarlıq etsə də, futbolçu buna məhəl qoymayıb. Maraqlısı budur ki, Elvin demək olar ki, məşqlərdən sonra vaxtının çoxunu gecə əyləncəsinə həsr edir. 

    Bir neçə ay öncə Cəfərquliyev “Qafqazinfo”ya müsahibəsində Qurban Qurbanovun ona ciddi xəbərdarlıq etdiyini və vəziyyətin dəyişməyəcəyi halda komandadan göndəriləcəyini dediyini bildirmişdi. Futbolçu artıq sakitləşəcəyini və fikrini karyerasına yönəldəcəyini desə də, buna əməl etməyib. 

    “Qarabağ”ın vacib “Şamaxı” ilə matçda 0:0-lıq heç-heçə edib çempionluq yolunda ağır zərbə alması və Elvinin bu matçda zəif oynaması Qurbanovun səbrini daşırıb. Həmin qarşılaşmada isə təkcə Elvin yox, digər oyunçular da potensialından aşağı çıxış edib. Uzun müddət sonra start heyətdə oyuna çıxan Abbas Hüseynovun da performansının aşağı olması onu baş məşqçinin qəzəbinə tuş gətirib. 

    “Şamaxı” ilə matçdan sonra “Qarabağ” çempionluğun taleyini həll edəcək qarşılaşmada “Sabah”la üz-üzə gələcəkdi. Bu mövsümün oyunundan əvvəl isə Elvin və Abbas yenidən gecə həyatına atılıb. Onların şəhərin bahalı restoranlarından birində gecə əyləncəsinə qatıldıqları və orada spirtli içki qəbul etdikləri məlum olub.  Bu isə Q.Qurbanovu özündən çıxarıb və hər iki futbolçunu əvəzedici heyətə göndərib. Böyük ehtimalla onların heç biri əsas komandaya qaytarılmayacaq və satılacaq. 

    “Qarabağ”ın sabiq futbolçularından birinin bizə verdiyi məlumata görə, futbolçuların gecə əyləncəsinə aludə olması Qurban Qurbanovun heç sevmədiyi şeydir. O, vaxtikən özünün də, digər komanda yoldaşlarının da buna görə cəzalandığını bildirib. O qeyd edib ki, Q.Qurbanov yalnız bir neçə ay ərzində 1-2 dəfə bu cür əyləncələrə qatılmağa icazə verir. 

    Digər məqam isə ondan ibarətdir ki, E.Cəfərquliyev təkcə indi deyil, Çempionlar Liqasında vacib oyunlardan birindən öncə də gecə əyləncəsinə qatıldığı üçün problemlə üzləşib. Hətta, həmin vaxt da Q.Qurbanov onu komandadan qovmaq istəyib. Lakin ciddi xəbərdarlıqdan sonra futbolçuya güzəşt edilib. Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında “Kopenhagen”lə matçdan sonra maraqlı açıqlama vermişdi. O, Elvinə bel bağlamaq olmaz deyərək futbolçunun intizamsızlığına işarə vurmuşdu.

    Elvin Cəfərquliyev elə saytımıza müsahibəsində demişdi ki, futbolu buraxıb ofisiant işləyib, Rəşad Sadıqov onu yenidən futbola qaytarıb. O, keçmişdə yaşadığı çətin günləri, çəkdiyi əziyyətləri unutmur. Bunu dilə gətirirsə, yenidən həmin günlərini yada salıb, intizamını düzəldib futbola tam məsuliyyətlə yanaşacağına inanırıq. 

    Hazırda E.Cəfərquliyevlə Qurban Qurbanov arasında münasibətlər getdikcə daha da pisləşir. Belə ki, “Qarabağ” Azərbaycan kubokunun yarımfinalında “Sabah”a uduzduqdan sonra 25 yaşlı oyunçunun instaqramda etdiyi paylaşım diqqətçəkməyə bilməzdi. Məşq salonundan foto paylaşan oyunçu sanki “Qarabağ”ın məğlubiyyətində onun meydanda olmamasının rolunu vurğulamaq istəyirdi. 

    Onun ardınca “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin “Kimin kim olduğunu bildik” paylaşımı da müzakirələrə səbəb oldu. Bəziləri təcrübəli qapıçının “Sabah”la matçın hakimlərinə söz atdığını, bəziləri isə bunun Elvin Cəfərquliyevə ünvanlandığını bildirdi. 

    Elvin Cəfərquliyev son illərdə Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı oyunçulardan biridir. Həm “Qarabağ”dakı, həm millidəki oyunu ilə diqqətləri üzərinə çəkə bildi. Dəqiq faktlar olmasa da, futbolçuya Avropadan müxtəlif təkliflər gəldiyini güman etmək olar. Çünki E.Cəfərquliyevin “Qarabağ”da adlı-sanlı rəqiblərə qarşı oyunu üst səviyyədə idi. Amma intizamsızlığı onu uçuruma apara bilər. Biz Azərbaycan futbolunda bu cür hadisələrə çox şahidlik etmişik. Vaxtilə Təmkin Xəlilzadə kimi istedad futbolumuzun gündəmində idi. Amma onun da intizam problemi futbolçunu uçuruma apardı. Bu cür misallar çox çəkmək olar. 

    E.Cəfərquliyevin adı “Neftçi” ilə hallansa da, onun menecerinin dediyinə görə xarici klublara getmək ehtimalı böyükdür. “Qarabağ”la müqaviləsi davam edən futbolçu Ağdam klubuna da pul qazandıra bilər. Mövsüm başa çatdıqdan sonra isə nə baş verəcəyini görəcəyik. 

    Elsevər Məmmədov

    Mənbə

  • Şagird məktəbdə özünə xəsarət yetirdi 
							 – Video

    Şagird məktəbdə özünə xəsarət yetirdi – Video

    Bakıda şagird məktəbdə özünə xəsarət yetirib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 23-ü 145 nömrəli tam orta məktəbdə baş verib.

    VII sinif şagirdi olan qız təhsil müəssisəsinin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.

    Xəbəri rus dilində oxuyun: ЧП в школе №145: семиклассница нанесла себе увечья – ВИДЕО

    Qeyd olunur ki, yeniyetmə sinif yoldaşlarının onu videoya çəkib paylaşacaqları ilə bağlı təhdidlərdən sonra bu addımı atıb.

    Əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

    Daha ətraflı süjetdə:

    Mənbə

  • Qaradağda torpaq çökdü, iki nəfər dağıntılar altında qaldı 
							 – Ölən var – Video

    Qaradağda torpaq çökdü, iki nəfər dağıntılar altında qaldı – Ölən var – Video

    Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.

    Xilasedicilər tərəfindən bir kişi xilas edilib, digər kişinin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

    Mənbə

  • “Xalxın uşaqları”nı siz də tanıyın! 
							 – Fotolar

    “Xalxın uşaqları”nı siz də tanıyın! – Fotolar

    Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında 9 nəfər 300 bal toplayaraq maksimum nəticə göstərib.

    Onlardan bəziləri sevinclərini “Qafqazinfo” ilə bölüşüblər.

    “İmtahana sistemli şəkildə hazırlaşırdım. Həm dərslərimə, həm də dərsdənkənar fəaliyyətlərimə ayrı-ayrı vaxt ayırırdım. Bəzi suallara görə şübhələrim olsa da, 290-dan yuxarı bal gözləyirdim, lakin maksimum nəticə mənə də bir az sürpriz oldu.

    İmtahan çox çətin deyildi, lakin vaxt çatışmazlığı hiss olunurdu, xüsusən də Azərbaycan dili fənnində. Qeyd edim ki, 7-ci sinifdə fizika fənni üzrə Respublika fənn müsabiqəsində qızıl, 9-cu sinifdə isə Respublika fənn olimpiadalarında bürünc medala layiq görülmüşəm.

    Gələcək planlarıma gəlincə, bakalavr təhsilimi Azərbaycanda tamamlayıb, daha sonra nüfuzlu xarici universitetlərdə təhsilimi davam etdirməyi düşünürəm. Ən böyük arzum kompüter mühəndisi olmaqdır”.

    Bakı şəhəri, 18 saylı orta məktəbin şagirdi olan Zəhra Zərbəliyeva isə qeyd edib ki, imtahan müddəti 4 saat olsa, yüksək bal toplayanların sayı daha çox olardı:

    “Bəli, imtahan çətin idi, amma deyərdim ki, sualların mürəkkəbliyindən daha çox vaxt məhdudiyyəti hiss olunurdu. İmtahan müddəti 3 saat yox, 4 saat olsaydı, düşünürəm ki, yüksək nəticə göstərənlərin sayı daha çox olardı.

    Düzünü desəm, 300 balı yox, 290-dan yuxarı gözləyirdim, lakin ətrafımdakı hər kəs 300 bal toplayacağımı deyirdi. Onlar mənə, bəlkə də, özümdən çox inanırdılar. Bu uğurumda valideynlərimin və müəllimlərimin əziyyəti əvəzsizdir. Gələcək planım blok imtahanında da yüksək nəticə göstərərək ADA Universitetinin dövlət sifarişli ixtisaslarından birinə qəbul olmaqdır. Magistratura təhsili üçün xaricə getmək isə ən böyük xəyallarımdan biridir”.

    Bakı şəhəri Humanitar Fənlər Təmayüllü Liseyin şagirdi Zəhra Xammədova isə adaşından fərqli olaraq maksimum nəticə gözləyirmiş:

    “İmtahanlara çox əzmlə və iradə ilə hazırlaşdım. Bəli, maksimum nəticə gözləyirdim. İmtahan sualları orta səviyyəli olsa da, bəziləri kifayət qədər düşündürücü idi. İmtahanda cüzi həyəcan keçirsəm də, hədəfimə nail olmağı o qədər çox istəyirdim ki, son dəqiqələrdə həyəcanımı tamamilə unutmuşdum.

    Yuxusuz gecələrimin bəhrəsini görmək məni çox xoşbəxt etdi. Əsas hədəfim ATU-ya qəbul olmaq və gələcəkdə kardiocərrah kimi fəaliyyət göstərməkdir”.

    Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin şagirdi Emiliya Qayıbova 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə göstərdiyini qeyd edib:

    “Təbii ki, həm mən, həm də ailəm bu uğuru böyük sevinc hissi ilə qarşıladıq. Böyük zəhmət tələb edən bu nəticəni qazanmaq hər birimizi çox sevindirdi. Düzünü desəm, yüksək nəticə gözləyirdim, çünki imtahan sualları orta səviyyəli idi.

    Riyaziyyat olimpiadalarına hazırlaşırdım; rayon (şəhər) mərhələsini 95, yarımfinalı isə 100 balla keçmişəm. Ötən günlərdə final mərhələsində iştirak etdim və hazırda nəticələri gözləyirəm. Bundan əvvəl isə Fermat beynəlxalq riyaziyyat olimpiadasının milli mərhələsində birinci yerə layiq görülmüşəm. Hazırda birinci ixtisas qrupu üzrə hazırlaşıram, hədəfim kompüter elmləri ixtisasına qəbul olmaqdır. Məlumat üçün bildirim ki, 9-cu sinif buraxılış imtahanında da 297 bal toplamışdım”.

    Bakı şəhəri, Humanitar Fənlər Təmayüllü Məktəb-Liseyin şagirdi Nəslihan Məmmədli isə təəssüratlarını belə ifadə edib:

    “İmtahanlara çox gərgin və intensiv hazırlaşırdım, buna görə də maksimum nəticə gözləyirdim. İmtahan müəyyən qədər çətin olsa da, sualların səviyyəsi 9 martda keçirilmiş imtahanla eyni idi. Sadəcə, biz həmin tarixdəki suallarla tanış olduğumuz üçün hər şeyə daha hazırlıqlı idik.

    Gələcək hədəfim Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasına yiyələnməkdir. Təhsilimin növbəti mərhələlərini isə xaricdə davam etdirməyi düşünürəm.

    Sumqayıt şəhəri, 17 saylı orta məktəbin şagirdi Əli Əsgərov uğurunun sirrini belə açıb:

    “Ciddi hazırlaşaraq buraxılış imtahanında yüksək nəticə əldə etməyi bacardım. Mənim üçün ən çətin fənn Azərbaycan dili idi. Bu səbəbdən digərləri ilə yanaşı, xüsusilə bu istiqamətdə daha əzmlə çalışdım və nəticədə hədəfimə çatdım.

    Əsas məqsədim Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmaqdır. Gələcəkdə də fəaliyyətimi məhz bu sahə üzrə qurmağı planlaşdırıram.

    Təhsilimi xaricdə, yoxsa Azərbaycanda davam etdirəcəyim barədə hələ tam qəti qərar verməmişəm. Bu yolda digər abituriyentlərə tövsiyəm odur ki, aydın məqsədləri olsun və bu məqsəd uğrunda davamlı şəkildə çalışsınlar. Gün ərzində zamanı düzgün bölüşdürmək və dərslərə kifayət qədər vaxt ayırmaq uğurun əsas açarıdır. Hazırlıq dövründə asudə vaxtlarımı kitab oxuyaraq, film izləyərək və ya açıq havada gəzərək keçirirdim. Əvvəllər olimpiadalarda iştirak etsəm də, medal qazanmaq nəsib olmamışdı. İlk böyük uğurum isə məhz bu imtahanda 300 bal toplamağım oldu”.

    Bəsti Məmməd

    Mənbə

  • Bugünkü əməliyyatda saxlanılanların adları 
							 – Qərar verildi

    Bugünkü əməliyyatda saxlanılanların adları – Qərar verildi

    Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirib. 

    “Qafqazinfo” əməliyyat nəticəsində ittiham verilən şəxslərin adlarını öyrənib.

    Bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoyludur. Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir.

    ***

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin prokurorluq tərəfindən keçirilən əməliyyatla saxlanılan əməkdaşları hakim qarşısına çıxarılıblar.

    Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatını təmin edib. Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri-Araz Kərimli, Niyam Mədətsoylu, Etibar Əliyev, Şamil Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Onlar Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (mütəşəkkil dəatə tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

    Sail Ağasəlim

    Mənbə

  • Bayağı musiqilər olmayacaq, forma isə vacibdir 
							 – “Son zəng”lə bağlı yeni tələblər

    Bayağı musiqilər olmayacaq, forma isə vacibdir – “Son zəng”lə bağlı yeni tələblər

    Azərbaycanda “Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.

    “Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı məktəblərə təlimatlar göndərilib.

    Təlimata əsasən, “Son zəng” tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.

    Həmçinin təlimatda aşağıdakılar qeyd olunub:

    – “Son zəng” tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir;

    – “Son zəng” tədbiri 13 iyun 2026-cı il tarixində səhər saat 08:00, 09:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir.

    “Son zəng” tədbirində aşağıdakı şəxslərin iştirakı mümkün hesab edilir:

    – 1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);

    – Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);

    – Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.

    Bundan başqa, şagirdin geyimi, nizam-intizam və etik davranış tələbləri də müəyyənləşib:

    – Şagirdlər tədbirdə məktəbli formasında olmalıdırlar;

    – Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olumalıdır;

    – Bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.

    Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir.

    Tədbirin açılışı Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.

    Bundan başqa, təlimatda məktəbdaxili təşkilati tədbirlər və əlavə tələblər də qeyd olunub:

    Tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır;

    – Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır;

    Qeyd olunan tələblərlə bağlı pedaqoji şura iclası keçirilməli, müvafiq qərarlar qəbul edilməli və valideynlərin məlumatlandırılması məqsədilə təlimat hazırlanaraq məktəbin görünən guşələrində yerləşdirilməlidir. Valideynlər tədbirdən öncə maarifləndirilməlidir.

    Mənbə

  • Bu dəfə 300 balı onlar topladı 
							 – Fotolar

    Bu dəfə 300 balı onlar topladı – Fotolar

    Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

    “Qafqazinfo” xəbər verir ki, imtahanda 9 nəfər 300 bal toplayaraq maksimum nəticə göstərib.

    Həmin şagirdlərin siyahısını təqdim edirik:

    2. Həsənli Bəxtiyar Vüqar oğlu – Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey

    3. Tağızadə Samir Hikmət oğlu – Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya

    4. Qayıbova Emiliya Vitalik qızı – Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbi

    5. Məcidli Burlaxatun Bəhruz qızı – Mingəçevir şəhəri, Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey

    6. Vəlizadə Rafiq Ramil oğlu – Bakı şəhəri, Fizika,riyaziyyat və informatika təmayüllü lisey

    7. Əsgərov Əli Mübariz oğlu – Sumqayıt şəhəri, 17 saylı orta məktəb

    8. Məmmədli Nəslihan Ruhin qızı – Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-lisey

    9. Xammədova Zəhra Xamməd qızı – Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-lisey

    Fotoda:Vəlizadə Rafiq

    Fotoda: Həsənli Bəxtiyar

    Fotoda: Məmmədli Nəslihan

    Fotoda: Xammədova Zəhra

    Fotoda: Zərbəliyeva Zəhra 

    Fotoda:Tağızadə Samir

    Fotoda: Əsgərov Əli

    Fotoda:Qayıbova Emiliya

    Mənbə

  • Bu tarixlərdə şagirdlər distant təhsil alacaq 
							 – Balacaların tətil vaxtı dəyişdirildi

    Bu tarixlərdə şagirdlər distant təhsil alacaq – Balacaların tətil vaxtı dəyişdirildi

    Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb. 

    “Qafqazinfo” xəbər verir ki, Əmrə əsasən, WUF13-ün keçiriləcəyi  17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.

    Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.

    Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.

    Mənbə

  • Bugünkü əməliyyatda saxlanılanların 
							 – Adları

    Bugünkü əməliyyatda saxlanılanların – Adları

    Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirib. 

    “Qafqazinfo” əməliyyat nəticəsində ittiham verilən şəxslərin adlarını öyrənib.

    Bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoyludur. Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir.

    Sail Ağasəlim

    Mənbə

  • Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi

    Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi

    Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.

    “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub.

    Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.

    Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

    Noyabr ayında isə ev dustaqlığına buraxılıb. Sabunçu rayon Məhkəməsi onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

    Dəymiş zərərin müəyyən hissəsinin (100 min manat) ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

    Mənbə