Category: Manşet

  • “Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək”

    “Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək”

    “Burada bəyan edə bilərəm ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir”.

    “Qafqazinfo” xəbər verir ki, bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

    “Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir”, – A.Babiş əlavə edib.

    Mənbə

  • Qar yağacaq, dolu düşəcək 
							 – Xəbərdarlıq

    Qar yağacaq, dolu düşəcək – Xəbərdarlıq

    Aprelin 28-dən 30-u səhərədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. 

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

    Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Mənbə

  • 70 kq qızılla tutulan polkovnikə 
							 – Hökm oxundu

    70 kq qızılla tutulan polkovnikə – Hökm oxundu

    İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub.

    Hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb.

    Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanında saxlanılarkən çantasında ümumilikdə 10.391.970,08 manat dəyərində 70 kiloqramlıq qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyənləşib. 

    Xəbəri rus dilində oxuyun: Вынесен приговор полковнику-лейтенанту Мамедову

    Q. Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yekun ittiham verilib.

    Sail Ağasəlim

    Mənbə

  • Abituriyentlərə  şad xəbər 
							 – İmtahanda əlavə vaxt veriləcək

    Abituriyentlərə şad xəbər – İmtahanda əlavə vaxt veriləcək

    “2027-ci ildə tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur. Bu çərçivədə abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur”.

    “Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. 

    O bildirib ki, imtahanda tapşırıq sayı azaldılacaq və yazı bacarığı ayrıca qiymətləndiriləcək.

    Mənbə

  • İki avtomobilin arasında qalaraq öldü 
							 – Foto

    İki avtomobilin arasında qalaraq öldü – Foto

    Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, rayonun Şorsulu kəndində “VAZ” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb.

    Qəza zamanı “Qazel”in yanında olan kənd sakini 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mənbə

  • “Səhnədə oynadığım zaman ətəyim düşdü, yaxşı ki, altında qəşəng “finka”m var idi” 
							 – Videomüsahibə

    “Səhnədə oynadığım zaman ətəyim düşdü, yaxşı ki, altında qəşəng “finka”m var idi” – Videomüsahibə

    Bakı Xoreoqrafiya Akademiyasının dəhlizində müsahibimi gözləyirəm. Tutu (red: balet paltarı) geyinmiş azyaşlılar sağa-sola qaçır, zəng vurulanda siniflərinə tələsirlər. Orada təhsil almasam da, bu mühit mənə çox tanışdır, uşaqlığımı xatırlayıram. Bir vaxtlar həmin geyimlərlə sağa-sola qaçıb müəllimini gözləyən azyaşlılardan biri də mən olmuşam.

    Pilləkənlərdən enən şux duruşlu qadını görən kimi tanıyıram. Müsahibim – Xalq artisti, rəqqasə Cəmilə Bayramovadır. O, akademiyada həm pedaqoq, həm də kafedra müdiridir. Bizə dərsinin olduğunu deyib tələbələrinin yanına aparır. Dəhliz boyu addımlayarkən tələbələri ayaqlarını çarpazlayaraq ona balerina salamı verirlər. İçəriyə keçib dərsin başlamağını gözləyirik. Vaxtilə mənim də rəqslə məşğul olduğumu öyrənib sevinir, əllərimə baxır. Tələbələr yerlərini alıb “Şərq gözəli”ni oynayırlar. 70-ə yaxın yaşı olan müsahibim də rəqs edir. Onların qüsursuzcasına rəqsi məni həyəcanlandırır…

    “Qafqazinfo” olaraq Cəmilə xanımla söhbətimizi təqdim edirik:

    – Sizi səhərdən izləyirəm, həm enerjili, həm də çox gözəlsiniz. Belə gənc qalmağınızın sirri nədir?

    – Oturmuram, həmişə rəqs edirəm. Tələbələrim oynayanda mən də onlarla birgə oynayıram. Görürəm ki, müəllimlərin çoxu oturub dərs keçir. Mən edə bilmirəm. 5-6 saat ayaq üstə dururam və hərəkətləri göstərirəm. Rəqsi o qədər sevirəm ki, mənim üçün həyatdır. Nə vaxtsa evdə otursam, bilmirəm mənə nə olar, özümü necə idarə edərəm. Açığı, məni rəqs saxlayır. Mənə enerjini də, həvəsi də, sevgini də rəqs verir. Mənim üçün başqa sənət yoxdur.

    – Bəs bu sənəti seçməyinizə nə ilham verdi?

    – Mənə nəyin ilham verdiyini bilmirəm. Uşaqlıqda həmişə evdə rəqs edirdim. Anam deyərdi ki, ayağıma dolaşırsan, nə evi süpürə, nə yığışdıra bilirəm. Axırda atama dedi ki, apar bunu, ver bir mədəniyyət evinə, peşəkar kimi oynasın, burada ayağa dolaşmasın. Biz də Biləcəri qəsəbəsində yaşayırdıq. Atam da bir gün məni götürüb, apardı o mədəniyyət evinə. Şansımdan orada hərbi hissə var idi və həmin yerdə çalışan hərbçinin yoldaşı Rusiyadan gəlmişdi. Peşəkar idi və Moskva Balet Akademiyasını qurtarmışdı. Mədəniyyət evinə o məni götürdü. Beş yaşından, doqquz yaşına kimi orada oynadım. Hər dəfə atam gələndə müəllimə deyirdi ki, çox istedadlıdır, bu qızı aparın xoreoqrafiya məktəbinə. Atam bunu anama deyəndə fikir vermədi. Xalam bir gün qəzetdə məktəbin elanını tapdı. Atam apardı, lazım olan imtahanları keçdikdən sonra qəbul oldum, oxudum. Axırıncı kursda da biz Opera və Balet Teatrında praktika keçirdik, müxtəlif tamaşalarda oynadım.

    Sonra məni işə götürdülər. Elə oldu ki, 21 yaşında ailə qurdum. Rəfiqələrim Dövlət Rəqs Ansamblında işləyirdilər. Məni ora dəvət etdilər, getdim, orada 17 il işlədim, 1991-ci ildə Əməkdar artist adı aldım. Daha sonra “Cəngi” Estrada Folklor və “Cücələrim” rəqs ansambllarında. Uzun karyera yolu keçdim. Daha sonra özüm “Dəcəl Qızlar” Rəqs Ansamblını açdım və hələ də fəaliyyət göstərir.

    İndi də burada – Bakı Xareoqrafiya Akademiyasında həm kafedra müdiriyəm, həm də müəllim kimi çalışıram.

    – Cəmilə Bayramova dedikdə yada ilk “Turacı” düşür. Əminə Dilbazidən sonra həmin rəqsi oynayan ilk qadınsınız.

    –  “Turacı”nı əslində Sevinc Nəsirova oynayırdı, ona da Əminə xanım öyrətmişdi. Sevinc həmin rəqsi məşq edəndə, “Turacı”ya vuruldum. “Cəngi” ansamblı ilə Türkiyəyə səfərə getməli idik, Sevinc həmin rəqsi oynayacaqdı, amma gedə bilmədi. Kostyumu mənə tikdilər, Türkiyəyə getdim və rəqsi birinci dəfə orada oynadım. Qayıdandan sonra isə mən ilk dəfə Filarmoniyada peşəkar, professional səhnədə oynadım. Sevincə professional səhnədə oynamaq qismət olmadı.

    Sonra məni AzTV-yə çağırdılar, “Turacı”nı oynadığım zaman məni çəkdilər. Çəkilişin səhəri günü “Cəngi” ansamblında məşq edirdik, Əminə Dilbazi gəldi, dedi ki, dünən “Turacı”nı oynayan qız kim idi, çox pis oynadı. Bildirdim ki, həmin rəqsi oynayan mən olmuşam. Əslində mənim olduğumu bilirdi. Heç nə demədi, bir az oturdu, sonra da çıxdı getdi.

    Gözümün qabağına onun dəfələrlə izlədiyim “Turacı”sı gəlir. Çırpınmağı, səhnədə süzməyi və dönmələri…

    – Müsahibədən əvvəl söhbət etdiyimiz zaman, dediniz ki, atanız da gözəl rəqs edib. Deyəsən bu istedadınız irsidir. Ailənizdə bu sənətə davam edən varmı?

    – Atam peşəkar, professional rəqqas olmayıb, amma çox gözəl rəqslər edib. Bir qızım var, yoldaşım rəhmətə getdikdən sonra onu Xoreoqrafiya məktəbində də oxutdurdum. Daha sonra Xəzər Universitetində jurnalistika fakültəsini bitirdi, amma o yolu seçmədi. 22 ildir həmin universitetdə rəqs müəllimi kimi çalışır. Böyük nəvəm Nəzrin İsmayılzadə isə aktrisa oldu. Akademik Musiqili Teatrında çalışır.

    –  51 ildir bu sahədəsiniz. Bəzən xanımlar deyir ki, yoldaşım müğənni və ya rəqqasə olmağa icazə vermədi. Siz bu problemlə üzləşdiniz?

    –  Yox, bu problemi yaşamadım. Qadınlar bununla əvvəllər çox üzləşirdi, amma indi zaman dəyişib. Azərbaycan çox müasirləşib. Mən eşitmirəm ki, kiminsə yoldaşı problem yaratsın, bəlkə də tək-təkdir.

    – Bizdən əvvəlki nəsil deyirdi ki, səhv də olsa, düz də olsa, ailədə yalnız kişinin sözü keçməlidir. Ailə həqiqətən bu deməkdirmi? 

    – Fikirləşirəm ki, ata evdə başdır, ana da boyundur. Ana hara dönsə, ata da ora dönür. Amma uşaqların sözünə hərdən ata da, ana da qulaq asmalıdır. Ailədə birlik, mehribanlıq olmalı, hamı bir-birinin sözünə baxmalıdır. Razılıq və birlik olmasa həmin ailədə heçnə olmaz.

    –  Azərbaycanda ailə modeli dəyişir. Amma hələ də bəzi valideynlər övladına gələcəyə sərmayə kimi baxır. Sizin üçün övlad nə ifadə edir? 

    – Mən həmişə öz qızımla da, nəvələrimlə də rəfiqə kimiyəm. Çox vaxt onlardan məsləhət alıram. Nəvələrim telefonu, proqramları mənə öyrədirlər. Ailədə uşaqların sözünün keçməsinə yaxşı baxıram. Uşaqlarda çox yaxşı fikirlər ola bilər. Onlar məsləhət verəndə biz böyüklər baxaq, qulaq asaq və onu edək. 

    –  Uşaqlardan danışmışkən, gözünüzün qabağından çox nəsil gəlib-keçib. İndi gəncləri qınayırlar. Onların indiki halına səbəb kimi telefon və sosial şəbəkələri göstərirlər. Siz həm pedaqoq, həm də kafedra müdirisiniz. Gənclərdə nə dəyişib? 

    – Biryaşlı nəticəm telefonda cizgi filminə baxmasa, yemək yemir. İki nəvəm də daxil, cavanların hamısının əlindən telefon düşmür. Mən telefonu ancaq zəng gələndə cavab vermək üçün istifadə edirəm. Bilmirəm telefonu harada itirirəm, harada axtarıram. Amma bir tərəfdən də telefondan istifadə yaxşıdır, sosial şəbəkələrdən çox şey öyrənirlər. İndi nə istəyirsiniz var. Həm də telefon xəstəlikdir. Hər dəfə nəvələrimi də, tələbələrimi də danlayıram. Telefon olmasa, ondan da pis başqa bir şey olacaq. Hər şeyin öz sərhədi olmalıdır, olmayanda insan elə bil uçub gedəcək. 

    – Bəs sosial şəbəkəyə münasibətiniz necədir, istifadə edirsinizmi?

    –  Sosial şəbəkələrim var, amma istifadə etmirəm. Açığını deyim, kimsə yaxşı, kimsə də pis rəylər yazır. Ona görə də istəmirəm. Sakit xanımam, xoşuma gəlmir ki, haradasa məni çox görsünlər, məndən çox danışsınlar, lazım deyil. Başımı aşağı salıb işləyirəm.

    – Uzun zamandır sosial şəbəkələrdə rəqs müəllimlərinin azyaşlı qızlara oğlan kimi rəqslər öyrətdiyini müşahidə edirik. Bu nə dərəcədə düzgündür?

    –  İnsan nə öyrənirsə, özü üçün öyrənir. Həmin rəqsləri öyrənsə, toyda, şənlikdə oynayacaq. Səhnəyə çıxmayacaq ki, onsuz da çıxa da bilməz. Bunun üçün o məktəbi qurtarmalı, peşəkar və professional hərəkətlər öyrənməlidir. Hansısa müəllim balaca qızlara oğlan kimi rəqs öyrətsin, onlar da ayaqlarını işlətsin. Mən buna pis baxmıram. Çoxu deyir ki, niyə qız oğlan kimi oynasın? Oynasın, ayaqları bərk olacaq. İnsan nə qədər çox bilsə, nə qədər çox öyrənsə, hər şey ona qalacaq.

    – İnsan bir müddət idmanla məşğul olub dayandırdığı zaman bədənində ağrılar yaranır. Balerinalar, rəqqasələr peşələrinə fasilə verdikdə bədənləri hansı mənfi nəticələrlə üzləşir?

    – İstəsəniz də, istəməsəniz də, rəqsi atanda əzələlər işləmir, insan formadan düşür. Biz uşaqlara deyirik ki, dərsləri buraxmayın, çünki əzələ yatır. Rəqsi atandan sonra doğrudan da çox çətin olur. 20 il rəqslə məşğul olub atsanız, mütləq ki, ağrılar olacaq. Ona görə də evdə məşq eləmək lazımdır ki, əzələn yaşasın.

    – Ümumiyyətlə, Azərbaycanda 90 faiz qadın yaşa dolduqdan sonra onlarda oynaq, sümük ağrıları yaranır. Halbuki gənc yaşda aktiv şəkildə ev işləri ilə məşğul olurlar. Bu aktiv həyat sayılmır? 

    – Biz robot deyilik, adamıq. Rəqsə getdin-getmədin, yaşa dolursansa, bədəndə ağrılar yaranır. Uşaqlıqda əzələlər tamam elastik olur. Həmişə rəqs və idmanla məşğul olsan, əzələlər də açılar, plastika olar, eləməsən olmayacaq.

    – Sosial şəbəkələrdə belə bir trend də yaranıb ki, qadınlar aldıqları maaşdan hər ay sevdiyi bir şeyi alıb özlərini xoşbəxt etsinlər. Siz pulunuzu hara xərcləyirsiniz?

    – Oy, mənim pullarım…

    (Gülür)

    Nəvələrimə xərcləyirəm, indi də nəticəmə – böyük nəvəmin qızına. İmkan tapan kimi hər dəfə də onun yanına qaçıb nəsə alıram. Nəvələrimə, qızıma kömək edirəm.

    – Yəni sizin xərcləriniz ancaq nəvə-nəticədir.

    – Yox…

    Bir az duruxur, deyib-deməmək arasında var-gəl edir.

    – Mən istəmirdim bunu deyəm, amma kasıb insanlara da həmişə əl tuturam. Çox kasıb qonşularım var, kimə lazımdırsa, kömək edirəm. Maşınla aparıram, lazım olanı alıb verirəm, pul istəyirlər, pul verirəm. Deyim ki, hansısa uşaqlar evinə 1 milyon pul tökmüşəm, yox. 

    – Ümumiyyətlə, gəliriniz necədir? Ömrünü incəsənətə vermiş sənətkarlar çox vaxt elə bundan şikayətlənir. 

    – Pis deyil, həm maaş alıram, həm prezident təqaüdçüsüyəm, həm də 5 nömrəli uşaq gənclər inkişaf mərkəzində işləyirəm. Qazandığım mənə çatır.

    – Azərbaycanda minimum aliment məbləği 260 manatdır. Cəmiyyətdə isə sanki belə bir əsassız fikir formalaşıb ki, qadınlar sırf aliment almaq üçün boşanırlar. Hətta deputat Fazil Mustafa da bu fikri səsləndirmişdi. Hamımız bilirik ki, bu məbləğ bəzən heç uşağın yeməyinə çatmır…

    – Mən heç razı deyiləm ki, kimsə boşansın və sonra aliment versin. Birinci kursda dərs dediyim tələbəm nişanlandı. Dedim niyə nişanlanmısan, anan yerində olsa idim, icazə verməzdim. Hər şeyin öz vaxtı var. Oxuyun, universiteti bitirin, sonra evlənin. Sevirsiniz, tez gedirsiniz, sonra da boşanırsınız. Boşanmayın. Boşanmaq pisdir. Son vaxtlar Azərbaycanda doğrudan da boşanmalar çoxalıb. Bunun ancaq alimentə görə olduğunu da düşünmürəm. Oğlan yaxşı olsa, özü kömək edər və alimentə ehtiyac olmaz. Mən istəməzdim ki, qızlarımız boşansın.

    – İndi rəqqas və rəqqasələrin çoxu məclisə aş gətirməklə pul qazanırlar, qınamaq da olmur. Onların yaxşı pul qazanması üçün hansı təşəbbüslər olmalıdır?

    – Mənim tələbəm birinci kursdan ansambl yaradıb, məcbur… Çünki maaşlarımız elə də yüksək deyil. Heç kimi də qınamaq olmaz, uşaqlar məcbur gedir. Mən fikirləşirəm, məsələ təkcə pul deyil. Onlar istəyirlər ki, səhnələrə çıxıb özlərini göstərsin. Mən heç vaxt restoranda oynamamışam, bunu özümə sığışdırmamışam da. Restoranda oynayanlara çox pis baxırdılar. Həm də adamlar toyda araq içir, yemək yeyirlər, danışırlar, rəqs edənə baxmırlar heç. Axı orada tər tökür, can qoyur bu rəqsə. Mən sevmirəm restoranda oynamaqlarını, amma heç kimi də qınamaq olmaz. Çünki hər kəs bu dünyada yolunu tapıb. Kimsə səhnəyə, kimsə də pula görə işləyir.

    – Göz önündə olan simalar var. Sizin haqda araşdıranda isə demək olar ki, heç nə tapmadıq, sadəcə bir-iki süjet var idi. Özünüzmü televiziya və saytlardan qaçırsınız?

    – Yox… Əvvəllər çəkilişə çox gedirdim. Televiziyaya bir neçə dəfə çıxmayanda unudulursan. Efirlərdə olmalısan ki, səni unutmasınlar. Məni də hamı unudub. Özüm də çox sevmirəm. Açığı, dilimə görə bir az çətinlik çəkirəm, çünki rus məktəbini bitirmişəm. Çəkilişdən qaçıram. Hərdən kanallara baxanda kimlərinsə efirdə mübahisə etdiyini görürdüm. Yadımdadır, o vaxt İlhamə Quliyeva ilə Elza Seyidcahan arasında da belə olmuşdu. Onlara baxandan sonra çox pis vəziyyətə düşdüm. Niyə bizim sənətçilər efirə çıxıb belə danışmalıdır?

    Müsahibə zamanı həqiqətən çətinlik çəkdiyini görürəm. Xalq artistimizin Azərbaycan dilinə olan münasibəti isə maraqlı gəlməyə başlayır.

    – 90-cı illərdə sanki elit təbəqənin rusca danışması xoş qarşılanırdı. Amma indi əksinədir. Dilimizə münasibətiniz necədir?

    – Öz dilimizi mütləq bilməliyik. Mən beş yaşına kimi bir dənə rus sözü bilmirdim. O vaxt bizdə doğrudan da rus dili çox məşhur idi. Hamı istəyirdi ki, onun uşaqları rus məktəbinə getsin. Dil bilmək çox gözəl bir şeydir. İndi gənclər rus dilini çox pis bilir, hətta bilmirlər. Amma niyə bilmirlər? Bilsinlər. Rus dilini də, ingilis dilini də bilsinlər. Bizim əsas dilimiz Azərbaycan dilidir. Mən bəzən çox əsəbiləşirəm ki, Azərbaycan məktəbini bitirməmişəm.

    – Məşhurlardan söz düşmüşkən. Ulduz simalarla aranız necədir?

    –  Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin prezident olduğu vaxtlarda tədbirlərdə bütün sənətkarlar bir yerdə idik. Aygün Kazımova, Faiq Ağayev, Azər Zeynalov, Anar Şuşalı, Brilliant Dadaşova, Səkinə İsmayılova ilə həmişə səfərlərdə, tədbirlərdə, konsertlərdə yan-yana olmuşuq. Faiq Ağayevi o qədər çox sevirəm ki… O ilk kişidir ki, həmişə əldən öpür, çox aristokratdır.

    Nazirliklə münasibətiniz yaxşıdır? Bu yaxınlarda Mədəniyyət Nazirliyi ilə mədəniyyət işçiləri arasında problemlər yaranmışdı.

    – Onları yaxşı tanımıram, çünki dəyişildi. Bəlkə, onlar da məni tanımır. Təzələrlə hələ tanış olmamışam. Dediyiniz problemlərə də qarışmıram, maraqlandırmır da məni. Kim nə istəyirsə, etsin.

     Siz bir çox mədəniyyət nazirini görmüsünüz. Polad Bülbüloğlu, Əbülfəs Qarayev, Anar Kərimov, indi də Adil Kərimli. Bu nazirlərin hansı ilə münasibətiniz yaxşı olub? 

    – Anar Kərimovla tanış olmamışıq. Mən ən çox iki nazirlə işləmişəm, Polad Bülbüloğlu da, Əbülfəs Qarayev də həmişə mədəniyyət işçilərinə qayğı göstərib. Deyə bilmərəm ki, bu yaxşıdır, ya bu pisdir. Tacikistana getmişdim, Üzeyir Hacıbəyovun “Koroğlu” operasında qızların rəqsini ifa edəcəkdim. Səhnədə məşqlər zamanı yıxıldım, qolum qırıldı, gipsə qoydular. Dedilər ki, Əbülfəs Qarayevlə bərabər, Tacikistan nazirləri də olacaq. Konsertə yaxın getdim gipsi çıxartdım, iynələr vurdular. Səhnədə rəqs etdim. Orada gülə-gülə ağlayırdım, vəziyyətdən çıxdım, heç kim bilmədi. Təyyarədə olanda Əbülfəs bəy yanıma gəldi, əlimdən tutub dedi ki, qolunuzun sındığını bilirdim və o halda səhnəyə çıxmağınız mənim üçün çox xoş haldır.

    – Əslində bu da qastrol səfərinizdən bir xatirədir. Amma ən yaddaqalan xatirənizi oxucularımızla bölüşə bilərsinizmi?

    – Biz iki qız, iki oğlan Yəmənə getmişdik. Biz getməmişdən əvvəl möhkəm yağış yağmışdı. Mavi çəlləklərin üzərində taxtadan səhnə qurmuşdular. Həmin taxtalar da çürümüşdü. Səhnədə “Dağlar qızı”nı oynayanda taxta qırıldı, oğlanlardan biri həmin deşiyə girdi. Mən də görürəm ki, bütün zal gülür, başa düşmürəm. O da həmin deşikdən çıxa bilmir. Rəqs etdiyimiz üçün onu da çıxara bilmirdik. Zeynəb Xanlarova da getmişdi bizimlə. Soyunub-geyinmə otağına gülə-gülə qaçıb, Zeynəb xanıma dedik ki, orada deşik var, birdən siz oxuyanda o deşiyə girərsiniz.

    Bir dəfə də Fransaya səfərə getmişdim. Səhnədə oynadığım zaman ətəyim düşmüşdü, yaxşı ki, altında qəşəng “finka”m var idi. Tamaşaçı gülür, mən də baxıram ki, onlar niyə gülür?

    Müsahibimin gülüş səsi akt zalını bürüyür. Keçmiş günləri xatırlayıb üzümə sevinclə baxır: 

    – Mən çox şanslı və xoşbəxt insanam ki, bütün dünyanı gəzmişəm. Ona görə istəyirəm ki, bizim gənclər bütün dünyanı gəzib görsünlər.

    Söhbətimiz bitəndə artıq akademiyanın dəhlizi əvvəlki kimi səsli-küylü deyildi. Müsahibimlə sağollaşarkən bir daha anlayıram ki, onun üçün rəqs təkcə peşə deyil, həyəcan, sevgi və həyat enerjisidir.

    Mədinə Useynova

    Foto-Video: Xəyal Vəlizadə

    Mənbə

  • “Qalatasaray” “Fənərbaxça”nı udub çempionluğa yaxınlaşdı 
							 – Video – Yenilənib

    “Qalatasaray” “Fənərbaxça”nı udub çempionluğa yaxınlaşdı – Video – Yenilənib

    Türkiyə Superliqasının 31-ci turunda İstanbul derbisi baş tutacaq.

    “Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” “Fənərbaxça”nı qəbul edəcək.

    Matçın start fiti saat 21:00-da veriləcək.

    Komandaların start heyətləri açıqlanıb:

    “Qalatasaray”: 1. Uğurcan, 7. Sallai, 6. Davinson Sançes, 42. Abdülkərim, 4. Yakobs, 99. Lemina, 34. Torreyra, 11. Yunus, 10. Sane, 53. Barış Alpər, 45. Osimhen

    “Fənərbaxça”: 31. Ederson, 27. Semedu, 37. Skriniar, 24. Oosteruolde, 3. Braun, 17. Kante, 6. Genduzi, 45. Nene, 9. Kərəm, 94. Taliska, 26. Şerif

    ***

    Matç başladı.

    ***

    Derbidə 5-ci dəqiqədə futbolçular arasında dava düşdü.

    ***

    “Fənərbaxça” penaltini qaçırdı, Anderson Taliska vura bilmədi.​

    ***

    “Qalatasaray” hesabı açdı.

    Viktor Osimen 40-cı dəqiqədə fərqləndi.

    ***

    Fasilə.

    ***

    İkinci hissə başladı.

    ***

    “Fənərbaxça”nın qapıçısı Edersona qırmızı vərəqə verildi. Hakimə etiraza görə ikinci sarını alıb meydandan qovuldu.

    ***

    Ederson qırmızı vərəqə aldıqdan sonra hakimə kəllə vurmaq istədi.

    ***

    Barış Alper Yılmaz 67-ci dəqiqədə hesabı 2:0 edir.

    ***

    Torreira 83-cü dəqiqədə hesabı 3:0 edir.

    ***

    Matç bitdi.

    “Qalatasaray” 3:0 hesabı ilə qalib gəldi.

    Mənbə

  • Bakıda 11-ci sinif şagirdi vəfat etdi

    Bakıda 11-ci sinif şagirdi vəfat etdi

    Paytaxtdakı 238 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi qəfil vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilib ki, məktəbin şagirdi Kamran Mahmudlu dünyasını dəyişib.

    Mənbə

  • “Qarabağ” “Neftçi”ni darmadağın etdi 
							 – Video+Yenilənib

    “Qarabağ” “Neftçi”ni darmadağın etdi – Video+Yenilənib

    Premyer Liqada 29-сu turun oyunları keçirilir.

    “Qafqazinfo” xəbər verir ki, mərkəzi oyun “Neftçi” ilə “Qarabağ” arasında olacaq.

    Misli Premyer Liqası 29-cu tur

    “Neftçi” – “Qarabağ”

    Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov.

    “Palms Sports Arena”, 19:00.

    ***

    “Neftçi” – “Qarabağ” oyununda start heyətlər açıqlanıb:

    “Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi

    “Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 22. Musa Qurbanlı 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo Ehtiyat oyunçular: 89. Amin Ramazanov 97. Fabian Buntiç 77. Ramil Şeydayev 20. Kadi Borqes 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 24. Jeremi Qnali

    ***

    Matç başladı.

    ***

    Qarabağ hesabı açdı.

    Musa Qurbanlı 9-cu dəqiqədə fərqləndi.

    ***

    “Neftçi”dən bərabərlik qolu.

    Elvin Bədəlov 20-ci dəqiqədə fərqləndi.

    ***

    Hesab 2:1.

    Musa Qurbanlı 32-ci dəqiqədə dubl edir.

    ***

    Coni Montiel 38-ci dəqiqədə fərqlənərək komandasının 3-cü qolunu vurub.

    ***

    Fasilə.

    ***

    İkinci hissə başladı.

    ***

    Leandro Andrade 68-ci dəqiqədə “Qarabağ”ın 4-cü qolunu vurdu.

    ***

    Emmanuel Addai 90+3-cü dəqiqədə hesabı 5:1 edir.

    ***

    Matç başa çatdı. Ağdam təmsilçisi səfərdə “Neftçi”ni 5:1 hesabı ilə məğlub edir.

    Mənbə

  • Son 1 ayda efirdəki dəyişikliklər təsdiq edir ki…

    Son 1 ayda efirdəki dəyişikliklər təsdiq edir ki…

    Son dövrlərdə Azərbaycan televiziya məkanında müşahidə olunan dəyişikliklər artıq təkcə kosmetik yenilənmə deyil, sistemli və strateji transformasiya kimi qiymətləndirilir. Xüsusilə son bir ay ərzində efir siyasətində aparılan islahatlar həm məzmunun keyfiyyətinə, həm də televiziya institutunun cəmiyyət daxilində roluna yenidən baxılmasına səbəb olub. Bu dəyişikliklər uzun illər tənqid olunan problemlərin aradan qaldırılmasına yönəlmiş kompleks yanaşmanın nəticəsi kimi diqqət çəkir.

    Uzun müddət Azərbaycan televiziya kanallarında müşahidə olunan əsas problemlərdən biri məzmunun səviyyəsinin aşağı düşməsi, etik normaların pozulması və reytinq naminə populist yanaşmaların üstünlük təşkil etməsi idi. Xüsusilə gündüz və axşam proqramlarında qalmaqal, süni emosiyalar, şəxsi həyatın ifşası və bəzən cəmiyyət üçün mənfi nümunələr yaradan diskussiyalar geniş yer alırdı.

    Bu vəziyyət haqlı olaraq tədricən “efir deqradasiyası” kimi xarakterizə olunmağa başlamışdı. Media ekspertləri və ictimaiyyət nümayəndələri dəfələrlə vurğulayırdılar ki, televiziya yalnız kommersiya platforması deyil, eyni zamanda ictimai şüurun formalaşdırılmasında mühüm rol oynayan maarifləndirici, bilgiləndirici alətdir. Bu səbəbdən efirin keyfiyyətinin aşağı düşməsi birbaşa cəmiyyətin mədəni və intellektual səviyyəsinə təsir göstərir.

    Son dövrlərdə televiziya kanallarında aparılan dəyişiklikləri bir neçə əsas istiqamət üzrə qruplaşdırmaq mümkündür:

    1. Qalmaqallı proqramların məhdudlaşdırılması

    Ən diqqətçəkən dəyişikliklərdən biri ictimai qınaq doğuran, etik çərçivələri aşan proqramların ya bağlanması, ya da formatının dəyişdirilməsidir. Bu, efirin daha sağlam informasiya mühiti kimi formalaşdırılması istiqamətində mühüm addım hesab olunur.

    2. Maarifləndirici kontentin artması

    Yeni yanaşma çərçivəsində analitik, maarifləndirici və ictimai əhəmiyyət daşıyan proqramların sayı artırılıb. Bu proqramlar sosial problemlərin müzakirəsinə, ictimai şüurun inkişafına və məlumatlılığın artırılmasına xidmət edir.

    3. Etik standartların gücləndirilməsi

    Aparıcıların davranışı, istifadə olunan dil, mövzuların təqdim olunma forması daha ciddi nəzarət altına alınıb. Bu, efir mədəniyyətinin formalaşması baxımından mühüm mərhələdir.

    4. Ailə və milli dəyərlərin qorunması

    Yeni kontent siyasətində milli-mənəvi dəyərlərin qorunması əsas prioritetlərdən birinə çevrilib. Xüsusilə ailə institutuna zidd məzmunun məhdudlaşdırılması bu istiqamətdə atılan addımlar sırasındadır.

    Hazırkı proseslər çox vaxt “efirin təmizlənməsi” kimi xarakterizə olunur. Bu ifadə sadəcə texniki dəyişiklikləri deyil, həm də ideoloji və mədəni transformasiyanı əhatə edir.

    Bu fenomenin bir neçə mühüm aspekti var. Sosial aspekt olaraq cəmiyyətin sağlam informasiya mühitinə ehtiyacının təmin edilməsini göstərə bilərik. Və ya mədəni aspekt kimi milli dəyərlərin və mədəni identikliyin qorunması, psixoloji aspekt kimi tamaşaçı zövqünün formalaşdırılması və manipulyasiyaların qarşısının alınması və nəhayət siyasi aspekt kimi informasiya təhlükəsizliyinin gücləndirilməsi olduqca əhəmiyyətli məqamlardır.

    Bu baxımdan efirdə aparılan dəyişikliklər yalnız media sahəsində deyil, ümumilikdə ictimai həyatın müxtəlif sahələrində təsir göstərən genişmiqyaslı prosesdir.

    Televiziya ilə cəmiyyət arasındakı münasibət hər zaman qarşılıqlı təsir üzərində qurulub. Lakin son dəyişikliklər bu münasibətlərin daha balanslı və şüurlu formaya keçdiyini göstərir. Əvvəllər televiziya daha çox tamaşaçı zövqünü formalaşdıran tərəf kimi çıxış edirdisə, indi artıq tamaşaçıların tələbləri də efir siyasətinə ciddi təsir göstərir. Sosial şəbəkələrin geniş yayılması, alternativ informasiya mənbələrinin artması televiziya kanallarını daha məsuliyyətli olmağa məcbur edir. Bu kontekstdə son islahatlar həm də ictimai sifarişin nəticəsi kimi qiymətləndirilə bilər. Tamaşaçılar artıq daha keyfiyyətli, daha obyektiv və daha etik kontent tələb edir və televiziya bu tələblərə uyğunlaşmağa çalışır.

    Bununla yanaşı, televiziya kanalları üçün ən böyük çağırışlardan biri reytinq və keyfiyyət arasında balansın qorunmasıdır. Doğrudur, kommersiya televiziya modellərində reytinq əsas göstəricilərdən biri olaraq qalır və lakin bu, bəzən keyfiyyətli kontentin ikinci plana keçməsi üçün əsas deyil, ola bilməz.

    Son dəyişikliklər də onu göstərir ki, uzunmüddətli perspektivdə keyfiyyətli kontent də auditoriya qazana bilir. Bu isə televiziya rəhbərlikləri üçün yeni bir modelin formalaşmasına zəmin yaradır: keyfiyyət + sosial məsuliyyət + davamlı auditoriya

    Hazırkı tendensiyalar göstərir ki, Azərbaycan televiziya məkanı yeni inkişaf mərhələsinə qədəm qoyur. Əgər bu islahatlar davamlı xarakter alarsa, yaxın gələcəkdə bir sıra nəticələr əldə oluna bilər. Məsələn, daha peşəkar və məsuliyyətli jurnalistika mühiti formalaşacaq, eyni zamanda televiziya cəmiyyətin maarifləndirilməsində daha aktiv rol oynayacaq. Bu islahatlar eyni zamanda milli mədəniyyət və dəyərlər daha güclü şəkildə təbliğ olunmasına və informasiya təhlükəsizliyi sahəsində möhkəm əsasların yaranmasına təkan verəcək. Nəticədə televiziya ilə rəqəmsal media arasında da daha sağlam inteqrasiya modeli formalaşa bilər ki, bu da ümumi media ekosisteminin inkişafına təkan verəcək.

    Azərbaycan televiziya məkanında son bir ayda baş verən dəyişikliklər təsdiq edir ki, efir siyasətində yeni yanaşma formalaşır. Bu yanaşmanın əsasını məsuliyyət, keyfiyyət və ictimai maraqların qorunması təşkil edir.

    “Efirin təmizlənməsi” kimi xarakterizə olunan bu proses əslində daha geniş məna daşıyır – bu, cəmiyyətin informasiya mədəniyyətinin yüksəldilməsi, milli dəyərlərin qorunması və media institutunun yenidən formalaşdırılması deməkdir. Əgər bu kurs ardıcıl şəkildə davam etdirilərsə, Azərbaycan televiziya məkanı yalnız ölkə daxilində deyil, regionda da nümunəvi media modelinə çevrilə bilər.

    Aslan Vəliyev

    Mənbə