Category: Manşet

  • XİN rəsmisi Nyu-York merinin bəyanatına cavab verdi

    XİN rəsmisi Nyu-York merinin bəyanatına cavab verdi

    Xarici İşlər Nazirliyi Nyu-York meri Zohran Mamdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına reaksiya verib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

    O, qeyd edib ki, Mamdani və digər ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər:

    2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə hərəkət edib.

    2023-cü ildə həyata keçirilən antiterror tədbirləri üç onillik qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpasına gətirib çıxarmışdır. “Qovulma” iddiaları erməni sakinlərə yenidən inteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təqdim edildiyi faktını görməzlikdən gəlir.

    Xüsusilə narahatedici hal odur ki, seçilmiş bir vəzifəli şəxs işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qətliamları, eləcə də mədəni və dini irsin məhv edilməsini görməzlikdən gələrək birtərəfli yanaşmaları təşviq edir.

    Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal geri götürülməlidir”.

    Xatırladaq ki, mer Mamdani “X” hesabında 1915-ci il hadisələrini “soyqırımı” kimi xarakterizə etməklə yanaşı, Azərbaycanın öz suveren ərazilərini azad etməsini “ermənilərin qovulması” kimi qələmə verərək birtərəfli ittihamlar səsləndirmişdi.

    Mənbə

  • “Siz bizim uşaqlarımıza kömək edirsiniz” 
							 – Zelenski Əliyevə təşəkkür etdi

    “Siz bizim uşaqlarımıza kömək edirsiniz” – Zelenski Əliyevə təşəkkür etdi

    “Enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq. Azərbaycana bu yardıma görə öz təşəkkürümüzü bildiririk”.

    “Qafqazinfo” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

    Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib:

    Mənbə

  • Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirildi 
							 – Foto

    Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirildi – Foto

    Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

    Mənbə

  • “Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” 
							 – Yankoviç

    “Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” – Yankoviç

    “Qarabağ”ın futbolçusu Marko Yankoviç “Sabah”la oyundan sonra baş verənlərə münasibət bildirib.

    Təcrübəli futbolçu “Qafqazinfo”nun instaqram hesabındakı paylaşımına şərh yazaraq, hakimə hücum çəkməsi ilə bağlı görüntülərə reaksiya verib.

    “Əgər özünü ciddi jurnalist və ağıllı insan kimi təqdim edirsənsə, mən səndən aşağıdakı suallara cavab verməyini istəyirəm:

    Əgər 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı dəli olsun və yalnız 1 nəfər haqlı olsun?

    Sizlərdən kimsə özünə sual veribmi ki, hakim nə dedi və ya nə etdi ki, mən belə reaksiya verdim?

    Və xeyr, bu, penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, mən meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə o mənə qırmızı vərəqə verdi və “rədd ol” dedi! Təkcə bir dəfə yox, dəfələrlə və təkcə mənə yox!

    Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni paltardəyişmə otağına dəvət edir?!

    Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır.

    Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma ona söyməmişəm.

    Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində mənim ilk qırmızı vərəqəmdir və karyeramda ikinci dəfədir. Fikirləşin”, – deyə Yankoviç  yazıb.

    Xatırladaq ki, “Sabah”la oyunun ardından M.Yankoviçin görüşün baş hakimi Rəvan Həmzəzadənin üzərinə getdiyinə dair video yayılıb.



    Mənbə

  • Qayınanası onu oğluna qısqandığı üçün öldürübmüş 
							 – Video

    Qayınanası onu oğluna qısqandığı üçün öldürübmüş – Video

    Xəbər verdiyimiz kimi, keçmiş “gözəllik kraliçası” Karolina Flores Qomes Mexiko şəhərindəki mənzilində öldürülüb.

    “Qafqazinfo” xəbər verir ki, Karolinanın qətlə yetirildiyi anın görüntüsü yayılıb.

    Yayılan kadrlarda Karolinanın qayınanası Erika Mariya ilə mübahisə etdiyi əks olunub. Belə ki, Karolina otaqdan çıxarkən qayınanası ardınca gedir və 6 atəş səsi eşidilir.

    O, anasına “Bu nə idi, sən nə etdin? O, mənim ailəmdir”, – deyə qəzəblənib.

    Erika isə cavabında, “Sən mənimsən və o səni oğurladı”, – deyib.

    Mənbə

  • Belə mükəmməl cavab vermək üçün danışanda gücənmək lazımdır…

    Belə mükəmməl cavab vermək üçün danışanda gücənmək lazımdır…

    Bu gün Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür. O, 1969-cu ilin bu günü Bakının Əmircan qəsəbəsində anadan olub.

    “Qafqazinfo” bu məqamda Elbrus Ərudun müəllifi olduğu “Oğlun olsa, adını Albert qoy…” yazısını yenidən oxuculara təqdim edir:

    – Oğlun olsa, adını Albert qoy. Aqarunovun şərəfinə. Belə olsa, uşağın bütün doğum xərclərini qarşılayacağıma indidən söz verirəm. 

    – Özün bilərsən. Mən isə “Albert” adını vermək üçün daha bir oğlum olsun istəyirəm. İçimdən öz gələcəyimi Albert adlandırmaq keçir…   

    Dostumdan yoldaşının hamilə olması haqda xəbəri eşidəndən sonra aramızda belə bir dialoq yaşanır.  

    Alberti kəşf eləyəndən sonra içimdə ona qarşı uzun illərdir bir təşəkkür gəzdirirəm. Mir Şahinin o möhtəşəm müsahibəsində başını tankın “lyuk”undan çıxararaq dediyi sözlərə min dəfə baxmışam. Yoldaşlarının yəqin ki, müsahibədə məhz Albertin danışması ilə bağlı təkidinə “alə, danışa bilmirəm axı…”- deyərək cavab verir. Və danışa bilməyən o 20 yaşlı yəhudi əsilli oğlan öz sözlərini Azərbaycan xalqının yaddaşına əbədi həkk edir. 

    Sonra jurnalist ona danışmaqda yardımçı olur:

    – Adın nədir sənin?

    – Albert.

    – Hansı millətin nümayəndəsisən?

    – Yəhudi.

    – Yəhudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir?

    – Mən bu torpaqda yaşayıram. Doğulmuşam burda, yaşayıram burda. Ayrı heç nə məcbur eləmir. 

    – Nə qədər qalmaq fikrindəsən?

    – Müharibənin axırına kimi…

    Fikirləşirəm ki, bəlkə, belə mükəmməl cavab vermək üçün elə danışanda gücənmək lazımdır? Sözün sənin olmasını istəyirsənsə, onu mütləq axtarıb tapmalısan… Yoxsa, nə gəldi desən, ağzına gələni danışan olacaqsan… 

    Şuşanı azad etmək üçün min səbəbimizdən biri də Albert Aqarunovun qisasını almaq olmalı idi. 92-ci ildə Şuşaya bayraq sancmağa girən ilk erməni tankını vuran, sonra onların sayını 9-a çatdıran, hətta bir mərmi ilə iki düşmən tankını vurub “Yəhudi buterbrodu”nu yaradan, şəhid olan əsgərlərin üstündən keçməsin deyə tankdan düşəndə snayperlə vurulan Albert… 

    2021-ci ildə, azad olunandan sonra Şuşaya gedəndə şəhərin yaxınlığında ilk gördüyüm qayanın başında ona tuşlanmış tank idi. Ermənilər məhz Aqarunovun vurduğu o tankı rəngləyib qayanın başına qaldıraraq üzü Şuşaya nişan alırmış kimi qoyub guya rəmz yaradıblar. O vaxt da, indi də içimdən “son güllə”mi atıb o tankı növbəti dəfə vurmaq keçir. Yəqin ki, Vətən Müharibəsindən sonra baş verən Zabux kimi, Sus kimi, Laçın kimi, lap elə srağagünkü sərhəd keçid məntəqəsi kimi, bir sabah da işimiz həmin o Şuşaya tuşlanmış maketi havaya uçurmaq olacaq.

    Bu gün səhər evdən çıxanda vatsapıma yazıçı dostum İlham Əzizdən “Bu gün Albertin doğum günüdür” mesajı gəldi. 

    Maşını yaxınlıqdakı Albert Aqarunov küçəsinə döndərib onun şərəfinə qoyulmuş möhtəşəm abidəni bir daha ziyarət etmək istədim. Abidəyə yaxınlaşanda bir azdan çalınacaq orkestrin ifasına hazırlığın getdiyini görürəm.   

    Onu dəfn edəndə ravvinlə mollanın eyni vaxta dua oxuduğu kimi indi də yəhudilərlə azərbaycanlılar bir yerə toplaşıb Alberti yad etməyə hazırlaşır.  

    Prosesə nəzarət eləyən rəsmi şəxs xadimələrdən təmizlik işlərini bitirib-bitirmədiklərini soruşur: 

    Aralarından bir qadın cavab verir: 

    – Heykəlini on dəfə silmişəm. Nə lazımdırsa, edərəm. Bir də silərəm…

    Azərbaycanın Milli Qəhrəmanın qarşısında sayğı duruşunda dayanıb möhtəşəm abidəsinin fotolarını çəkirəm. Qayıdıb maşına minəndə həmin xadimə qadının arxamca sualını eşidirəm:

    – Nəyinizdir?

    – Oğlum!..

    Mənbə

  • Faciəvi şəkildə ölən işçini müdiri istismar edibmiş? 
							 – Ailəsi danışdı+Video

    Faciəvi şəkildə ölən işçini müdiri istismar edibmiş? – Ailəsi danışdı+Video

    Xəbər verdiyimiz kimi, Qobustan qəsəbəsində 2 nəfər torpaq qatının altında qalıb.

    “Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı ərazidə su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib.

    Onlardan biri xilas edilərək xəstəxanaya çatdırılıb, digər şəxs isə hadisə yerində həyatını itirib.

    “Bu insanın işi bu deyildi, santexnik idi, su xəttini təmir edirdi. Kanalizasiya ilə heç bir aidiyyəti yox idi. Müdiri zəng edib deyib ki, gəlməsən, səni işdən çıxaracağam. İndi iş yerindən bir nəfər də gəlib soruşmayıb ki, bu insan öldü, qaldı?”

    “İş saatında əlavə vaxtlarda da çağırıb hansısa işə yönləndirirdilər. Bu dəfə də hadisə iş saatından kənar vaxtda baş verib”, – deyə qardaşı oğlu bildirib.

    ADSEA-dan məsələ ilə bağlı bildirilib ki, araşdırmadan sonra ətraflı məlumat veriləcək.

    Daha ətraflı “Baku TV”nin süjetində:

    Mənbə

  • Xankəndini onlarla qarış-qarış gəzəcəyik 
							 – İlk dəfə!

    Xankəndini onlarla qarış-qarış gəzəcəyik – İlk dəfə!

    Xankəndi şəhərinin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

    Bildirilib ki, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək. 

    1 nömrəli avtobus “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”;

    2 nömrəli avtobus “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”;

    3 nömrəli avtobus isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə marşrutları üzrə hərəkət edəcək.

    Marşrut xətləri boyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub. Sözügedən marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə məxsus ekoloji təmiz elektrik avtobuslarları ilə həyata keçiriləcək. Xankəndidə əhalinin bugünkü tələbatını nəzərə alaraq ilkin mərhələdə ümumilikdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Sərnişinlər ödənişlərini fiziki “BakıKart”, QR-bilet, eləcə də NFC texnologiyası vasitəsilə istənilən bank kartı və mobil ödəniş sistemləri (“Google Pay” və “Apple Pay”) ilə həyata keçirə bilərlər. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür. Qeyd edək ki, avtobusların hərəkətinə AYNA-nın monitorinq mərkəzi vasitəsilə real vaxt rejimdə nəzarət ediləcək. Bu layihə regionda müasir və ekoloji təmiz nəqliyyat infrastrukturunun formalaşdırılmasına xidmət edir. Xatırladaq ki, “BakuBus” MMC-nin müasir standartlara cavab verən avtobusları hazırda paytaxt Bakı və Gəncə şəhərlərində sərnişinlərə xidmət göstərir”, – deyə məlumatda qeyd edilib.

    Mənbə

  • Bakıda məktəbli yoldaşına xəsarət yetirdi 
							 – Araşdırma başladı+Yenilənib

    Bakıda məktəbli yoldaşına xəsarət yetirdi – Araşdırma başladı+Yenilənib

    Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli məktəbdə bıçaqlanma olduğu iddia edilir. 

    “Qafqazinfo” Bakuplus.az-a istinadən xəbər verir ki, 11-ci sinif şagirdlərindən biri digərini bıçaqlayıb. 

    Hadisə yerinə polis əməkdaşları gəlib, hazırda faktla bağlı araşdırma aparılır. 

    Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. 

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, aprelin 23-də Bakı şəhəri 80 nömrəli tam orta ümumtəhsil məktəbində XI sinif şagirdlərindən biri digərinə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) yüngül xəsarət yetirib.

    “Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib. Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb. Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

    ***

    Əldə etdiyimiz məlumata görə, Sabunçu rayonu ərazisində 17 yaşlı yeniyetməyə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

    Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxs valideynləri ilə birgə polis orqanına dəvət olunaraq izahatı alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza təyin edilib.

    Araşdırma aparılır.

    Mənbə

  • Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? 
							 – Araşdırma başladı

    Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? – Araşdırma başladı

    Sabunçu rayonunun Zabrat və Məmmədli (Məhəmmədi) qəsəbələri arasında “Kürdəxanı təcridxanasına gedən yol” kimi tanınan ərazidə yerləşən gölün bir hissəsi qurudulub. Vaxtilə avtomobil yoluna qədər uzanan gölün ərazisi son vaxtlar hektarlarla kiçildilib.

    “Qafqazinfo”nun əməkdaşları vəziyyətlə yerində tanış olmaq üçün bu günlərdə əraziyə baxış keçirib.

    Müşahidələr zamanı gölün xeyli hissəsinin qurudulduğu və həmin ərazidə tikinti işlərinin aparıldığı müəyyən edilib. Lakin bunun hansı qurum tərəfindən, hansı əsasla və hansı icazə ilə həyata keçirildiyi barədə ictimaiyyətə açıqlama verilməyib. Son günlər güclü yağışlardan sonra baş verən subasma halları isə məsələyə diqqəti daha da artırıb.

    Elə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun son çıxışını xatırlatmaq yerinə düşər. Sədr dedi ki, Bakı və Abşeron ərazisində bəzi göllər qanunsuz şəkildə qurudulub, zəbt olunmuş yerdə tikintilər aparılıb. Nəticədə, yerin altında qalan su “mina” kimi gözlənilmədən üzə çıxır və subasmalara səbəb olur.

    Xəbəri rus dilində oxuyun: Кто и почему осушает озеро в Баку? – ФОТО/ВИДЕО

    Agentlik göllərin qurudulmasına cavabdeh qurum olmasa da, mövcud vəziyyətdən narahatdır.

    Ərazidə gördüyümüz mənzərə ilə əlaqədar Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Zabrat 2-də yerləşən sözügedən gölün qurudulması insan fəaliyyətinin nəticəsidir: “Həmin gölün bir hissəsinin məişət və tikinti tullantıları ilə doldurulduğu, ərazidə hasarlanma və tikinti işlərinin aparıldığı müəyyən edilib. Bununla da Su Məcəlləsinin və müvafiq qaydaların tələbləri kobud şəkildə pozulub. Aparılan müşahidələr göstərir ki, 2020–2025-ci illərdə gölün su səthində azalma müşahidə olunub. Bu isə problemin yalnız təbii səbəblərlə deyil, insan fəaliyyəti ilə bağlı olduğunu göstərir. Hazırda gölün doldurulmasının qarşısının alınması, nəzarətin gücləndirilməsi və təqsirkarların cəzalandırılması üçün Sabunçu Rayon Polis İdarəsinə, İcra Hakimiyyətinə, Zabrat Bələdiyyəsinə və digər qurumlara müraciət olunub”.

    Onu da öyrəndik ki, hazırda daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsində hərtərəfli araşdırma aparılır.

    Göl Sabunçu rayonu ərazisində yerləşdiyindən qurudulan yerdə aparılan işlərin Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq razılığı əsasında həyata keçirildiyi iddia edilir. Lakin icra hakimiyyəti tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

    Cavabını gözlədiyimiz digər mühüm suallar isə hələ də açıq qalır:

    Gölün qurudulmasına hansı zərurət olub? Həmin ərazidən gələcəkdə hansı məqsədlə istifadə olunması planlaşdırılır? Aparılan tikinti işləri üçün verilmiş icazənin hüquqi əsasları nədən ibarətdir? Bu müdaxilənin ekoloji riskləri əvvəlcədən nəzərə alınıbmı? Ən əsası, işin məsuliyyətini kim və ya kimlər üzərinə götürüb?

    İnanaq ki, ünvanladığımız suallara cavab olaraq ictimaiyyətə aydın açıqlama veriləcək. Təbii ki, o vaxta qədər göl tamamilə yoxa çıxmasa…

    ***

    Sabunçu Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, gölün qurudulmasının qarşısını almaq məqsədilə qurum tərəfindən mübarizə tədbirləri həyata keçirilir, bir sıra işlər görülür.

    Sail Ağasəlim

    Fotolar: Pərvin Zeynal







    Mənbə