Oftalmoloq-cərrah Günay Əliyeva “Qafqazinfo”nun qonağı olub. O, hazırda geniş yayılmış göz xəstəlikləri, uşaqlarda miopiyalar, gecə linzaları ilə müalicə üsulları və digər mövzular ətrafında olan sualları cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
– Elə bir dövrdür ki, insanlar bütün günü kompüter arxasında keçirir, telefon isə əllərində olur. Gəlin elə bundan başlayaq. Kompüterin, mobil telefonun göz sağlamlığına nə kimi zərərləri var?
Məsələnin əsas tərəfi uşaqların bütün günü telefonla olmaları, asılı vəziyyətdə qalmaları və telefon üzərindən dərs oxumalarıdır. Çünki miopiya getdikcə hər il proqressivləşir və bu, tək bizdə deyil. Statistikaya görə, 2050-ci ildə dünya əhalisinin 50 faizi eynək taxacaq. Niyə? Çünki biz bütün günü telefondayıq. Miopiya göz yorğunluğu, göz qızartısı deyil, daha ciddi problemdir. Eynəyə keçirik və hər il uşaq böyüdükcə gözü də zəifləyir.
– Dediyiniz kimi, son illər eynəkli adamların sayı artıb. Bu göz xəstəliklərinin artması deməkdir, yoxsa insanlar səhhətlərinin qayğısına daha çox qalmağa başlayıblar?
– Yox, bu miopiyanın – göz qüsurunun, göz dərəcələrinin artması ilə əlaqədardır. İnsanlar uzun müddət yaxına baxdıqda, telefon, gərgin iş rejimi, havasız şəraitdə oturduqda bunlar göz zəifliyinə gətirib çıxarır. Əvvəl deyirdilər göz zəifliyin varsa, genetikdir. Amma artıq Amerikada – Miopiya Akademiyasında da təsdiqləyirlər ki, bu, genetika deyil, bu, həyat tərzidir. Miopiyası olan uşaq gəlir, nə anada, nə atada zəiflik var, söhbət edirsən, məlum olur ki, telefonu var. Telefonun ən yekəsi, ən yaxşısını alıb veririk. Bütün günü dərsdədir, dərsdən sonra onlayn dərsdədir. İdmana gedirmi? Yox. Bu uşaq bütün günü yaxına baxır. Göz də uzun müddət yaxına baxdıqca öz formasını dəyişir və mənfiləşmə gedir, başlayır uzağı pis görməyə.
– Bakıdakı ilk “Miopiya və Lazer”mərkəzinin rəhbərisiniz. Mərkəzin özəllikləri nədir?
– Biz 2021-ci ildə miopiya ilə ciddi məşğul olmağa, proqressivləşmənin qarşısını almaq üçün Amerika Oftalmoloqlar Akademiyasının protokolları əsasında çalışmağa başladıq. Ölkəmizə gecə linzalarını gətirdik. Bu, mənfiləşməni dayandıran metoddur. Mənim öz övladımın da gözündə zəiflik var, bunu ilk ona tətbiq etmişəm. Uşaq axşam linza ilə yatır, səhər durur, linzanı çıxarır və gün ərzində eynəksiz 100% görür. Bizim əsas məqsədimiz mənfiləşməni dayandırmaqdır. Çünki mənfilik artdıqca göz nazilir, nazildikcə dəlik, qopma, korluğa qədər gətirib çıxara bilər.
.jpeg)
Bizim mərkəzdə gecə linzalarından əlavə, müalicəvi eynəklərimiz var, valideynlərlə uşaqların həyat tərzini müzakirə edirik. Zəifliyə görə müraciət edən uşağa birinci sualım bu olur: telefonun var? Deyir, var. Deyirəm, onu verəcəksən valideynlərinə. Biz nəticə almaq istəyiriksə, telefon olmamalıdır. Kimin telefonu yoxdur, kim idmanla məşğul olur, göz gigiyenasına riayət eləyir, göz idmanları edirsə, doğrudan da mənfiləşməsi dayanır, sürəti azalır.
Telefon məsələsi ciddidir, biz uşaqlarımızı telefondan yığışdırmalıyıq. Dərslərin vatsap üzərindən atılmağı uşaqlarda mənfiləşməni artırır. Telefondan necə dərs oxumaq, balaca ekrandan necə nəsə qavramaq olar? Mən təklif edirəm ki, heç olmasa vatsap-veb edib kompüterdən oxusun. Məktəblərdə vatsap üzərindən uşaqlara dərs verilməməlidir.
– Gecə linzalarından danışdınız. Onların tətbiqi üçün müəyyən yaş məhdudiyyəti varmı? Hansı yaşda qoyula bilər?
– Gecə linzalarının göstərişi 6 yaşdan yuxarıdır. Əməliyyat olunmaq istəməyən 18 yaşdan yuxarı şəxslər də – hər kəs bundan istifadə edə bilər. Mən uşaqlara tətbiq edirəm, çünki mənə maraqlıdır ki, uşaqlarda mənfiləşmə getməsin. Böyüklərə eksimer də edərik, gündəlik linza da verə bilərik. Amma bunu hər kəsə etmirik, kimə vacibdirsə, onlara edirik. Dediyim kimi, birinci öz oğluma eləmişəm və o artıq 5 ildir ki, gecə linzalarından istifadə edir. Onun kimi 400-500-dən çox uşağımız var ki, artıq illərdir gecə linzaları taxırlar. Bu linzaların sayəsində biz mənfiləşməni dayandırmışıq.
– Doktor, bizdə hansı göz xəstəlikləri geniş yayılıb? Sırf bizim coğrafiya üçün endemik olan hansısa göz xəstəlikləri varmı?
– Sırf bizdə geniş yayılmış problemlər göz quruluğu, qızartı və qapaq problemidir. Pasiyentlər gözdə quruluq, yaşarma, küçəyə çıxdıqda yaş axması, gözün qızarması, gözə nəsə batma hissindən şikayət edirlər. Gözdə quruluq bütün dünyanın problemidir, əminəm ki, bizim insanlarda daha çoxdur. Pasiyent müraciət edir, xanımdır, 65 yaşı var, şəkəri, təzyiqi var, oynaqlarda artrozdur. Məlum olur ki, günə 3-4 dənə həb – şəkər dərmanı, təzyiq dərmanı qəbul edir. Su içmir. Yəni adam özünü sevmir, öz canına baxmır və bu onun gözünə təsir edir. Göz quruyur, narahatlıq yaradır. Bundan başqa, kirpik dibi problemləri də çoxdur, çünki bizdə insanlar eynək taxmaqdan utanırlar. Pasiyentdən soruşuram ki, neçə stəkan su içirsiniz? Deyir ki, günə iki-üç stəkan – dərman içəndə. Bədən quruyur, ona görə göz də quruyur. Göz də bədənin bir hissəsidir. Gündə 2 litr su içməliyik, şəkərimiz, təzyiqimiz kontrolda olmalıdır.
– Katarakt xəstəliyi ilə bağlı soruşmaq istəyirəm, son vaxtlar bu xəstəliyə xüsusən yaşlı insanlar arasında çox rast gəlirik. Əvvəllər həmin pasiyentlərə deyirdilər ki, yetişmə üçün bir müddət gözləməlidirlər. İndi də elədir, yoxsa texnologiyaların inkişafı bu prosesi dəyişib?
– Əlbəttə, çox dəyişib. Katarakt həyat keyfiyyətini aşağı salırsa, əməliyyat olmalıdır. Katarakt büllurdur. Yaşa bağlı, saçın ağarması kimi büllurun da rənginin dəyişməsi fiziolojidir. İnsanlar kataraktı ifrat yetişdirirlər və ifrat yetişmiş mirvari suyu qara suya, qlaukomaya çevrilir. Bu da korluğa qədər gətirib çıxarır. Əslində katarakt əməliyyatı qorxulu deyil, 10-15 dəqiqə çəkir və biz ultrasəs metodu ilə o mirvarini götürürük, yerinə linza qoyuruq. Təsəvvür edin, bir daşı əritmək asan olar, yoxsa geli? Əlbəttə, geli. Bunlar mirvarini daşlaşdırırlar. İnanın, elə bərk mirvarilər əməliyyat edirəm və hər zaman söyləyirəm ki, siz bunu niyə, kimə saxlayırdınız? Deyir, “qızım, sənə saxlayırdım”. Deyirəm, çox sağ olun.
.jpeg)
Əməliyyat məsələsinə gəlincə, hər gözü əməliyyat eləmək olmaz. Pasiyent deyir yaxşı görür. Mən də yoxlayıram, 50% görür. Əgər təzyiqi də yoxdursa, mən onu niyə əməliyyat eləməliyəm? Deyirəm get, 6 aydan bir kontrola gələrsən.
Bəzən yaşı 50-dən çox olan pasiyent gəlir, uzağı da – yaxını da görmür, eynək taxmalıdır. Amma deyir ki, mən eynək taxmayacağam. Onda mən deyə bilərəm ki, ya eynək taxacaqsınız, ya ağıllı linza qoya bilərik. Hər kəsə də o linzaları qoya bilmərik. Pasiyentin özü ilə söhbət eləyirsən, görürsən həyat keyfiyyəti necədir. Su içəndir? Özünə baxandır? Bu məsələlər vacibdir. Əməliyyat eləyib sonra bütün günü mətbəxdə işləsə, qazın istisindən gözün quruluğu onu incidəcək. Əgər eynəkdən azad olmaq üçün əməliyyat lazımdırsa, onda biz yetişməyi gözləmirik. Və ümumiyyətlə, yetişmək söhbəti keçmişdə qalıb.
2014-cü ildən Amerika Oftalmoloqlar Akademiyasının üzvüyəm və o vaxtdan hər il Amerikaya səfər edirəm. Səhərdən axşama qədər 4 gün dalbadal mühazirələrdə iştirak edirəm. Təsəvvür edin, böyük zaldır, tezdən gəlirsən, amma artıq oturmağa yer yoxdur. Dünyanın hər yerindən həkimlər gəlir ki, görək quruluqdan nə danışılacaq. Amerikada deyirlər ki, Donald Trampın da göz quruluğu var. Amerikalı həkimlər Baydenin də şəklini qoyurdular ki, onun da quruluğu var. Yəni bu, bütün dünyanın problemidir, o cümlədən də bizim.
– İndi xanımlar üzlərində bir çox kosmetik prosedurlar etdirirlər. Xüsusən də gözətrafı prosedur və əməliyyatlar geniş yayılıb. Yəqin ki, çox az adam bu əməliyyatları edərkən göz sağlamlığını nəzərə alır. Hansı hallarda bu prosedur və ya əməliyyatları etdirmək olmaz?
– Burada yəqin ki, söhbət blefaroplastikadan – qapaq əməliyyatlarından gedir. Mən özüm də bununla məşğulam. Əlbəttə, göz qapaqları çox götürüləndə gözlər bağlanmır və ya göz üstü əməliyyatlarda yağ götürüləndə, göz çökəyə düşür, formasını itirir. Həmçinin alt blefaroplastikada qanaxmaya, korluğa qədər gətirib çıxaran fəsadlar var. Biz dərini cavanlaşdırmırıq, artıq dərini götürürük ki, görünüş bir az daha gəncləşsin. Amma dərini çox götürmək olmaz. Dərinin nə qədər götürüləcəyinə həkim qərar verir. Laqoftalm olmasın, göz bağlansın, göz quruluğu olmasın…
Blefaroplastikaya 2018-ci ildə başlamışam. Artıq göz cərrahı idim, sadəcə plastikaya da marağım var idi. Ümumiyyətlə, gözə bağlı hər bir sahəni sevirəm. Çalışıram ki, öyrənim, tətbiq edim. Kaliforniya Universitetində Robert Qoldberqin – Hollivud ulduzlarını gözəlləşdirən cərrahın yanında blefaroplastika ilə bağlı təcrübə keçmişəm. İlk pasiyentim də öz anam olmuşdu. Virciniyada bir üz cərrahı var – Coi Nyamtu, onun öz klinikası var. Mən onun yanına 10 gün təcrübə keçdim, cərrahiyyələrində iştirak elədim. Onlarda blefaroplastika edəndə çox cüzi dəri götürürlər. Ona deyirəm ki, mən bunu eləsəm, pasiyent məndən narazı qalar.
Bir də görürsünüz gəlirlər, əməliyyat elətdiriblər, göz bağlanmır, qızartılar var, göz şişib, xemoz olub. Əlbəttə, gözün anatomiyasını pozmaq olmaz. Deyirlər ki, keçir, oturacaq filan. Amma mən əməliyyat eləyəndə çalışıram ki, limitləri keçməyək, gözün anatomiyası pozulmasın. Mənim üçün vacibdir. Yəni mən gözü qoruyuram, əməliyyat eləyəndə də birinci gözü fikirləşirəm ki, buynuz qişaya bir şey olmasın. Bu, vacib məsələdir.
.jpeg)
– Blefaroplastikadan söz düşmüşkən, bu əməliyyatdan sonra təkrar əməliyyata ehtiyac yarana bilirmi?
– Olur, çünki ümumiyyətlə, üzün anatomiyası elədir ki, zamanla üz aşağı düşür. Üz düşdükcə dəri sallanması olur. Amma biz blefaronu görmək üçün, vacib olanda, göstəriş olanda edirik. Əməliyyatdan sonra pasiyentlər deyirlər ki, o dəqiqə gözümüz açıldı. Plastika məsələsi belədir ki, daha çox təbiilik olmalıdır. Əminəm ki, biz təbiiliyin tərəfindəyik, ən gözəli təbiilikdir. İnşallah ki, bizi bu məsələdə hər kəs başa düşər.
– Amma təəssüf ki, bizdə indi ifrat estetik əməliyyatlar da çoxdur. Xüsusən dodaqlarda, elə bayaq dediyiniz kimi üzgərmədə. Peşəkar həkim kimi hansı plastik əməliyyatlar var ki, siz onları qəbul etmirsiniz?
– Peşəkar həkim kimi deyim, mən Braziliyaya getmişdim, Braziliyada heç o boyda bədənşəkilləndirmə görmədim. Bunu eşitmək istəyirsinizsə, mənə bu, xoş deyil. Bir həkim kimi, bir xanım kimi, bir ana kimi… Mən övladımla bir kafedə oturanda mənə xoş deyil ki, kimsə gəlir, mənim uşaqlarım da baxan kimi işarə eləyirlər ki, “mama…” Məncə də hər şey normasında, təbiiliyində daha gözəldir.
– Kontakt linzalardan danışaq. Bunlar eynəkləri tam əvəz eləyirmi? Ümumiyyətlə, hansı daha məsləhətlidir?
– Kontakt linzalara iki yanaşma var. Bəziləri onlardan çox qorxur, bəziləri də deyir ki, mən linza ilə yatıram. Linza yad cisimdir, infeksiya mənbəyidir, onunla necə yatmaq olar? Mənim linzalara münasibətim yaxşıdır. Miopiyanın kontrolu ilə məşğul olandan sonra daha yaxşı olub. Əsas gigiyenadır, ona riayət etmək lazımdır. Linza gözdə 8 saatdan çox qalmamalıdır. Suyu vaxtlı-vaxtında dəyişilməlidir. Linzalar özləri də tez-tez dəyişilməlidir, gözləməyin 3 ay olsun, 1 aydan bir onları dəyişin. Çox da baha da deyil, əsas göz sağlamlığıdır. Qrip oldunuzsa, taxmayacaqsınız, qızartı varsa, taxmayacaqsınız. Bu məsələlər vacibdir.
Yanaşmam belədir ki, hər gün linza taxmaqdansa, əməliyyat olunmağı tövsiyə edirəm. Özüm də eksimer lazer əməliyyatı olunmuşam. Bəzən “ekzimer lazer əməliyyatı olunmasan, kor olacaqsan” deyirlər, belə şey yoxdur. Buradan demək istəyirəm, insanlar da bilsinlər ki, əgər xətriniz istəyirsə, əməliyyat olunun, istəmirsə, olunmayın. Bu sizə bağlı olan bir şeydir. Bilmirəm haradan eşidiblər ki, əməliyyat 18 yaşında olmalıdır. O da yoxdur! Bu, çox yanlışdır. Valideyn 18 yaşlı övladının – 6 görməsi ilə yaxınlaşır ki, əməliyyata gəlmişəm. Deyirəm, hara tələsirsiniz? Çünki biz əməliyyat eləsək də, o, gedəcək bütün günü yenə telefonda olacaq, az yatacaq, tələbədir, gərgin rejimdə gözü təzədən zəifləyəcək. Nə qədər elə uşaqlar gəlirlər ki, 18 yaşda əməliyyat olunub, gözü yenidən zəifləyib. Yəni “18 yaşında mütləq göz əməliyyatı olmalıdır” deyə bir şey yoxdur. Bu, pasiyentin seçimidir. Biz vicdanlı həkim olaraq pasiyentə deməliyik ki, əməliyyat olun, amma zəifləmə riskin daha çoxdur, nəinki 25 yaşında. Yəni yaş artdıqca zəifləmə riski aşağı düşür.
– Doktor, indi bir çox xəstəliklər streslə bağlıdır. Bəs stres gözün görməsinə də təsir edə bilirmi?
– Bəli. Streslə bağlı problemlər daha çox kişilərdə olur. Bir də görürsünüz, gözün qabağında ləkələr əmələ gəlir. Torlu qişada seroz, damar qopmaları, partlamaları olur ki, bu, spontan, stresə, təzyiqə bağlı ola bilər. Göz dibi xəstəlikləri, makulyar degenerasiyaların etiologiyasında stres faktoru var. Yəni stres hər yerdə var. O, antioksidant funksiyanın zəifləməsi ilə əlaqədardır.
Bu məsələdə mənim bir tövsiyəm var, idmanla məşğul olmaq lazımdır. İdman stresi önləyəcək faktordur. İdman, təmiz hava, açıq hava stres faktorunu azaldır. İdman bizim göz sağlamlığı üçün də vacibdir.
– Siz cins məsələsinə toxundunuz, elə o sualı vermək istəyirdim, kişilərlə qadınlar arasında göz xəstəliklərində fərq varmı?
– Bəli, bu dediklərimdən əlavə, keratokonus xəstəliyi var, bu, göz ovxalamaqdan olur və daha çox oğlanlarda rast gəlinir. Çünki oğlan uşaqlarında allergiya çox olur. Uşaq illərdir göz qızartısından, allergiyadan əziyyət çəkir, günəşə, işığa çıxa bilmir. Bu da gətirib keratokonus xəstəliyinə, buynuz qişanın dikləşməsinə, nazilməsinə çıxarır. Valideynlərə demək istəyirəm ki, əgər övladınızda allergiya varsa, bunu kontrol etmək lazımdır. İldə iki dəfə dərmanlarını, damcılarını tökəcəksiniz, amma həkimin yazdığını. Bəzən özbaşına steroid, hormonal dərman tökür, 30 yaşında gəlir, gözündə katarakt var.
– Bəs zəif görmədə qidalanmanın rolu varmı? Doğrudanmı kök yemək gözə faydalıdır?
– Əslində bəli, gözün sağlamlığında, gigiyenasında qidaların rolu var. Sağlam qidalanmada nə xeyirlidirsə, bizim gözümüz üçün də xeyirlidir. Lutein tərkibli bütün qidalar göz üçün vacibdir. Xüsusən göz dibi problemləri olan insanlar belə qidalardan istifadə etsinlər. Pasiyentlərə deyirəm ispanaq, bibər, qarğıdalı yeyin. Bunlar çox vacibdir. Balıq heç, balığı bilirik. Bəzən valideynlər deyir ki, vitamin yazmayacaqsınız bizə? Mən də onlara nə yemək lazımdır, onun cədvəlini verirəm. Deyirəm ki, sizin uşağınızın ən yaxşı vitamini telefonu yığışdırmaqdır.
– Göz vasitəsilə digər daxili orqanların xəstəliklərini diaqnostika etmək olur?
– Bəli, bu iridodiaqnostika adlanır. Bununla o vaxt bizim görkəmli oftalmoloqumuz, akademik Zərifə Əliyeva məşğul olurdu. Onun bu barədə yazdığı qüzehli qişa xəstəlikləri haqda kitabı da var. Bu, çox dərin bir elmdir. Mədə-bağırsaq, daxili orqanların xəstəliklərini öyrənmək olur.
(3).jpeg)
– Bəzi həkimlər pasiyentlərdən daha çox, sosial şəbəkə hesablarında məşhurlaşmağa vaxt ayırırlar. Bu, normaldırmı?
– Mən öz tərəfimdən danışım, mən sosial şəbəkədə, efirdə, sosial layihədə də varam. Amma əməliyyat edə-edə canlı efir aparmıram və bunun çox əleyhinəyəm. Çünki mən əməliyyata konsentrə olmuşam, əməliyyat eləyə və danışa bilmərəm, bu istedadım yoxdur. Musiqiyə mütləq qulaq asıram, amma öz işimdəyəm.
Sosial şəbəkə məsələsinə gəlincə də, yenə öz adıma danışıram. Həkim kimi mən öz işlərimi insanlarla paylaşıram. Misal üçün, pasiyent gəlir, deyir mən sizi instaqramda tapdım. Sən demə, Azərbaycanda gecə linzaları ilə məşğul olan var. Sosial efirdə niyəyəm? Çox pasiyentim var, vaxtım yoxdur, həftədə bir dəfə efirə çıxıram. Amma yenə də mənim öz prinsiplərim var ki, qoy insanlar yaxşı mütəxəssisi görsünlər.
Sosial şəbəkələrdə olmağa da o çərçivəni çıxmamaq şərti ilə pis baxmıram. Yəni mənim öz çərçivələrim var. Mənim üçün həkimin həkim forması olmalıdır. Həkim işdə həkim kimi olmalıdır, ağ xalatı olmalıdır, xəstə məni heç vaxt dikdabanda görə bilməz. Hətta bir saatlıq işdə olsam belə, əynimi dəyişməliyəm, öz uniformamda olmalıyam. Özümü orada daha xoşbəxt, daha komfortlu hiss edirəm. Əlbəttə, məni də qıcıqlandıran məqamlar ola bilir.
– Bəzi həkimlər televiziya verilişlərində özlərinə aid olmayan müzakirələrdə iştirak edirlər. Hətta elələri var ki, heç diplomu da yoxdur. Getdikcə insanlar bu həkimlərə inanmırlar. Belələri həm də bir növ yaxşı həkimlərin işinə kölgə salır…
– Əlbəttə. Mən insanları bu mənada başa düşürəm. Diplom məsələsi biabırçılıqdır, bu artıq kontrola alınmalı bir məsələdir. Bizim yaxşı həkim mütəxəssislərimiz var ki, heç efirdə deyillər. Amma efirdə olanlar da var. Bu, bir az elə mövzudur ki, mən özüm də efirdə oluram, indi insanlar deyər ki, Günay doktor belə deyir. Efirdə olan və buna layiq olmayanlar da var. Yaxşıları da var. Mən təvazökarlıqdan çıxmayım, özümə əminəm ki, çox vicdanlı həkiməm, aşırı məsuliyyətliyəm. Heç kəsə lazım deyilsə, əməliyyat eləmərəm. Ona görə həmişə deyirəm ki, insanlar qoy yaxşını görsünlər və aldanmasınlar. Qaldı ki digər məsələlərə, yenə deyirəm, bir az təvazökarlıqdan qırağa çıxdı. Amma siz sualı verdiniz də. Sual verməyəydiniz gərək.
– Yox, bizə sizin fikirləriniz maraqlıdır…
– Mənim fikrim belədir, yəni qoy yaxşını görsünlər. Mən özüm də həkim seçimində çox həssasam. Bu yaxınlarda bir problemim olmuşdu. Dedim ki, nə yaxşı bizim pasiyentlərin, mənim, mənim kimi yaxşı həkimləri var, onlar ölkə xaricinə getmirlər. Bu, çox vacib məsələdir. Bizim pasiyentlər gəlirlər, 40 dəqiqə gözləyirlər, bəziləri onu da gözləmək istəmirlər. Bunlar yeni pasiyentlərdir. Amma illərlə gələn pasiyentlərim də var. Hətta 10 ildən çox yanıma gələn pasiyentlər var. Onlar mənim üçün çox dəyərlidirlər, çünki onlar Günay doktorun növbəsi az olanda gələn insanlardır…
– Elə onu soruşmaq istəyirdim ki, var elə unutmadığınız pasiyentləriniz?
– Doğrudan unutmadığım pasiyentlərim var. Elə uşaqlar var ki, artıq bizlə böyüyüblər. İllərlə gələn pasiyentlərim mənim əzizlərimdir və mən də çox canla-başla işləyirəm. Mənə deyirlər, sən bu ritmdə necə işləyirsən? Deyirəm, bu mənim arzuladığım ritmdir. Yəni mən öz işimi sevirəm. Ona görə belə yorğun da olsam, sizinlə oturmuşam. Mənim gündəlik rejimim belədir, səhər altının yarısı yuxudan dururam, idmanımı edirəm. Ondan sonra 7, 8-ə işləmiş evdən çıxıram və indi axşam saat səkkizə qalıb, o vaxtdan saat beşə-altıya qədər bax belə non-stop qaçaqaçdayam.
– Sizi sosial şəbəkədən də izləyirik. İdmanla məşğul olursunuz, dediyiniz kimi, pasiyentlər, əməliyyatlar, hətta rayonlara gedirsiniz. Bunu necə çatdırırsınız?
– Rayon məsələsi çox maraqlı oldu, onu sizə deyəcəyəm. Bayaq da söylədim, mənim həyat ritmimdə çox şükür elədiyim bir məqamdır, idmanla hər gün məşğul oluram. Pandemiya bizə öyrətdi ki, idman zallarına getməsək də, olar. Mənim öz “application”larım var.
Həftədə iki dəfə yoqa ilə məşğulam. Və qalan günlər velosipedlə evdə sayklinq, güc məşqlərimi edirəm. Hər gün idmanım var. Erkən dururuq, ona görə çatdırırıq, yoxsa çatdırmarıq.
Rayon məsələsi də belə oldu, Gəncədə Milli Oftalmologiya Mərkəzinin təşkil elədiyi regional konfransda çıxışım var idi. Dedim Gəncəyə getmişkən, müayinəyə yazılan insanlar var, onları müayinə edim. Biz dəmiryolu qatarı ilə getdik və mən qatarı çox bəyəndim. Çox yaxşı şərait var idi. Axırıncı dəfə qatardan Mayamidən Orlandoya konfransa gedəndə istifadə eləmişdim. Eynən və bizdə daha da yaxşısını gördüm. O vaxtdan ayda iki dəfə Gəncəyə gedirəm. Orada da insanlar bizi istəyirlər, gözləyirlər və mən başa düşürəm ki, yaşlı adamdır, Bakıya gələ bilmir, amma mənim qəbulumda olmaq istəyir.
– Doktor, mənim üçün bir sual da maraqlıdır. Kompüter şüasından qoruyan şüşələr varmı, yoxsa bu, ancaq illüziyadır?
-Bu, marketinqin bir hissəsidir. Yoxdur da deməyəcəm, çünki araşdırılır. Bu barədə çoxlu araşdırmalar var. Amma daha çox göz gigiyenası lazımdır. Bir açar deyim – 20-20-20 qaydası. 20 dəqiqə kompüterə baxırsınız, sizlərə aiddir, sizin işiniz monitordadır, 20 dəqiqədən bir, 20 saniyə, 20 addımlıq uzaq məsafəyə baxacaqsınız. Bu, çox vacib məsələdir. Belə etdikcə göz idmanı eləyirik, yəni gözümüzü dincəldirik. “Blue-block”lardan istifadə edirik. Mən də pasiyent istəyəndə yazıram, amma əsas bütün günü yaxına baxmamaqdır.
– Bir də sonuncu sualım var. Əslində bu barədə danışdınız. Bəlkə, əlavə eləmək istədiyiniz məqamlar var. İnsanlar bir çox halda pulsuz əldə etdiklərinin qədrini bilmirlər. Biz göz sağlamlığımızı qorumaq üçün nələr etməliyik?
– Çox gözəl dediniz – pulsuz əldə etdiyinin qədrini bilmək… Şükür etmək məsələsi çox vacibdir. Biz gözümüzün qədrini doğrudan bilməliyik. Hər gün rastlaşdığımız insanlar var, görməni itirirlər və bir faiz görmə ilə gəlirlər ki, “bizim görməni aç”. Onda görürsən ki, göz nə qədər vacibdir. Gözümüzü qorumalıyıq, altı aydan bir, ən geci ildə bir dəfə kontroldan keçməliyik. Nəsildə göz probleminiz varsa, daha tez-tez kontrolda olacaqsınız. Qidalanmamıza, həyat tərzimizə, yaşam tərzimizə fikir verəcəyik.
Düzdür, özüm beş saat yatıram, amma doğrudan yuxu məsələsi çox vacibdir. Uşaqların boy hormonları da axşam 10-11-dən sonra gedir, uşaqlarda, miopiyada gözün dincəlməyində yuxu mühümdür. Ona görə yuxu məsələsinin qədrini bilməliyik. Çoxlu su içməliyik. Gözümüzü normal qırpmalıyıq. Təmiz havada olmalıyıq.
Gülnar Əliyeva
Foto-Video: Pərvin Zeynal, Xəyal Vəlizadə


Leave a Reply