Azərbaycan Deflimpiya hərəkatı – Qısa müddətdə böyük uğur

Azərbaycan Deflimpiya Komitəsinin 2023-cü ilin oktyabrında təsis edilməsi ölkəmizdə inklüziv idman mühitinin formalaşmasında yeni bir mərhələnin əsasını qoydu. Bu addım eşitmə məhdudiyyətli idmançıların cəmiyyətə inteqrasiyası və onların peşəkar səviyyədə özlərini təsdiq etməsi üçün mühüm platforma rolunu oynayır. Əsas məqsəd yalnız yarışlara qatılmaq deyil, həm də idman vasitəsilə bu kateqoriyadan olan şəxslərin reabilitasiyasını və bərabərhüquqlu sosial statusunu təmin etməkdir.

“Qafqazinfo” xəbər verir ki, bu qısa zaman kəsiyinə baxmayaraq, əldə olunan nəticələr komitənin fəaliyyətinin səmərəliliyini artıq sübut edib. Yaradılan şərait və sistemli yanaşma idmançılarımızın beynəlxalq arenalarda dövlət bayrağını yüksəltməsinə birbaşa yol açıb.

İlk tarixi uğur

Ölkə rəhbərliyi tərəfindən bu nailiyyət yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Coşqun Əliyev idmanda göstərdiyi xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif edildi. Bu, dövlətin hər bir idmançısına, həmçinin də deflimpiyaçıların əməyinə verdiyi xüsusi önəmin təzahürüdür.

Dünya çempionatında tarixi nəticələr

Komitənin Deflimpiya Oyunları proqramına daxil olan müxtəlif idman növlərini inkişaf etdirməsi, idmana cəlb edilmiş eşitmə məhdudiyyətli şəxslərin təlim-məşq toplanışlarına cəlb edilməsi, bir sıra federasiyalarla əməkdaşlıq çərçivəsində deflimpiyaçıların ölkəmizin heç bir məhdudiyyəti olmayan komandaları ilə birlikdə məşq prosesinin təşkil edilməsi, vitaminizasiyasının, tibbi reabilitasiyasının təmin edilməsi və ümumiliklə hazırlıq prosesinin düzgün təşkili deflimpiyaçıların gələcək uğurlarının təməlini qoyub. 

Ardıcıl uğurlar Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Şotokan Federasiyasının (WSF) versiyası üzrə karate idman növündə dünya çempionatında da davam etdi. 24-26 aprel tarixlərində Deflimpiya Komitəsinin dəstəyi, baş məşqçi Seymur Xudaverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyevin rəhbərliyi altında çempionata qatılan komandamız möhtəşəm nəticə göstərdi. 10 idmançı ilə qatıldığımız çempionatda deflimpiyaçılarımız 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq Vətənə qələbə ilə döndülər. Hikmət Ağayev (+18 yaş, -75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite), Yusif Əzimzadə (14–17 yaş, -60 kq, kumite) qızıl, Aytən Qədirova (kata), Nizaməddin Əzimzadə (14–17 yaş, -60 kq, kumite) gümüş, Əliəkbər Əlizadə (+18 yaş, -75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) isə bürünc medal qazandılar. Bu tarixi nəticə Azərbaycan Deflimpiya Komitəsinin düzgün inkişaf strategiyası yürütdüyünü bir daha nümayiş etdirdi.

Növbəti hədəflər

Görülən işlərin məntiqi davamı olaraq, komitənin hazırkı mərhələdə əsas hədəflərindən biri bu kateqoriyadan olan vətəndaşlarımızın idmana cəlb edilməsini genişləndirərək kütləviliyə nail olmaqdır. Bu istiqamətdə komitə tərəfindən yeniyetmə və gənc eşitmə qabiliyyəti məhdud olan şəxslərin idmanla məşğul olması məqsədilə paytaxtımızda və regionlarda şəraitin yaradılmasına dair müxtəlif tərəfdaşlarla danışıqlar aparılır. Bu məqsədlər üçün Komitə eşitmə qabiliyyəti məhdud olan şəxslərlə işləyən bir sıra ictimai birliklər vasitəsilə cəmiyyətdə deflimpiya hərəkatı barədə maariflənməni artırmaq istiqamətində də fəaliyyət göstərir.

Təbii ki, bununla yanaşı Komitə mövcud idmançıların təcrübəsinin artırılmasına da böyük əhəmiyyət verir. Məhz bu səbəbdən Komitə müxtəlif idman növlərində idmançılarımızın beynəlxalq çempionatlarda və turnirlərdə iştirakının maksimum təmin edilməsinə çalışır. Belə ki, Komitənin dəstəyi ilə cari ilin may ayında eşitmə qabiliyyəti məhdud olan şahmatçılarımız İspaniyanın Roquetas de Mar şəhərində Beynəlxalq Karlar Şahmat Komitəsi (ICCD) tərəfindən təşkil edilən 20-ci Dünya Karlar Şahmat Çempionatına yollanacaqlar. Bu mötəbər çempionatda iştirakın özü şahmatçılarımız üçün böyük bir təcrübə olacaq.

Cari ilin sonunadək digər idman növlərində də deflimpiyaçılarımızın beynəlxalq yarışlarda, o cümlədən bu ilin sonlarında ölkəmizdə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında keçirilməsi planlaşdırılan Avropa Karlar Cüdo Çempionatında (European Deaf Judo Championship) iştirakı gözlənilir.

İdmançıların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası fonunda qazanılan bu uğurlar Azərbaycanın inklüziv cəmiyyət quruculuğundakı uğurlarının göstəricisidir. Bu işdə komitəyə və deflimpiyaçılarımıza gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Mənbə

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *