Blog

  • Tbilisiyə qatarla getmək istəyənlərin nəzərinə! 
							 – Qrafiklər açıqlandı

    Tbilisiyə qatarla getmək istəyənlərin nəzərinə! – Qrafiklər açıqlandı

    “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

    Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

    Mənbə

  • “EuroHome”un sahibinin daha bir obyekti yandı

    “EuroHome”un sahibinin daha bir obyekti yandı

    Novxanıda “AF Hotel & Aqua Park kompleksində yerləşən hoteldə yanğın baş verib. 

    “Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki,  hotel “AF Holdinq Şirkətlər Qrupu”nun sahibi, iş adamı Azay Möhnətova məxsusdur. 

    A.Möhnətov, eyni zamanda “EuroHome” tikinti materialları, “Uğur-97” şirkətlərinin də sahibidir. 

    Mənbə

  • Türkiyədə erməni sevdası 
							 – Əliyev-Ərdoğan xəttinə qarşı çıxanlar kimlərdir?

    Türkiyədə erməni sevdası – Əliyev-Ərdoğan xəttinə qarşı çıxanlar kimlərdir?

    Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Cümhuriyyət” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərə görə bu ölkədəki müəyyən qruplar tərəfindən hücuma məruz qalıb. Səbəb isə səfirin Türkiyə-Ermənistan sərhədinin açılması perspektivinə dair səsləndirdiyi məntiqli və aydın fikridir. 

    “Biz Türkiyə Xarici İşlər Nazirliyi ilə davamlı şəkildə əlaqə qururuq. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması paralel şəkildə aparılır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı torpaq iddiası var. 7 iyul seçkilərindən sonra konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirəcəklər. Torpaq iddiası ortadan qalxdıqdan sonra ABŞ-də paraflanan Azərbaycan-Ermənistan sülh sazişi imzalanacaq. Ondan sonra Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədləri açılacaq”, – səfirimiz bildirib.

    Əminik ki, bu fikri oxuyan hər kəsdə bir sual yaranır – bu sözlər bir “troll ordusu”nu niyə hərəkətə gətirsin ki? Axı Azərbaycan səfirinin Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyip Ərdoğanın birlikdə müəyyənləşdirdiyi ümumi xəttə əsaslanan bu fikrini dəfələrlə Türkiyə rəsmilərinin dilindən də eşitmişik.

    Türkiyə lideri Ərdoğan da Ermənistanla sərhədlərin açılması məsələsinin Azərbaycanla sülh danışıqlarının tərkib hissəsi olduğunu dəfələrlə vurğulayıb. Bu ilin aprelində Antalya Diplomatik Sammitində cənab Ərdoğan bu mövzuda açıq şəkildə bildirmişdi ki, “Azərbaycanla sıx koordinasiya çərçivəsində qonşumuz Ermənistanla normallaşma prosesimizi addım-addım irəli aparırıq”.

    Sualımıza bir daha qayıdaq – Azərbaycan səfirinin açıqlamasında təşviş və panika doğuracaq nə görürsünüz?

    Əslində məsələnin kökündə başqa məqamlar var. Türkiyədə zaman-zaman Azərbaycanın maraqlarının nəzərə alınmadan Ermənistanla sərhədlərin açılmasını istəyənlər, buna cəhd edənlər olsa da, iki ölkə liderinin qətiyyətli mövqeyi qarşısında nəticə əldə edə bilmirlər. Fransa Prezidenti Emmanuel Makronun cəhdinin qarşısının alınması da bunun son nümunələrindəndir. Mayın 5-də Ermənistana səfər edən Makronun Türkiyə ilə quru sərhədi keçmək, bununla Ankara-İrəvan xəttində normallaşma prosesindən Bakının maraqlarını kənarlaşdırmaq istəyi məhz Ərdoğan və Əliyev tərəfindən alındı. Bu bir daha təsdiq etdi ki, prezidentlər – İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın qardaşlığı Azərbaycan-Türkiyə münasibətlərini pozmağa hesablanmış cəhdlərin qarşısında keçilməz səddir. Türkiyə-Ermənistan normallaşma prosesinin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə paralel şəkildə aparılması da Əliyevlə Ərdoğanın birlikdə cızdıqları “xəritədir”.

    Səfir Rəşad Məmmədovun Türkiyə prezidenti və xarici işlər naziri ilə eyni olan fikirləri məhz bu “xəritəyə” əsaslanır. Yəni səfirimiz nə fərqli, nə də yeni bir fikir irəli sürür. Buna baxmayaraq, Türkiyədə Azərbaycan səfirinə qarşı hücumların edilməsi müəyyən sualları da önə çıxarır.

    – Bu kampaniyanı aparanlar kimlərdir? Kampaniyanın arxasında hansı qüvvələr var, əsas hədəfləri nədir?

    Azərbaycan səfirinə qarşı təşkil olunmuş hücum şousunun detalları – eyni foto, eyni skrin və eyni tezislərə əsaslanması bunun ictimai fikri əks etdirən sosial media paylaşımları yox, bir mərkəzdən verilən təlimatlar və “troll hücumu” taktikası olduğunu təsdiq edir. Təlimatların icraçılarının kimliyi də hücum şousunun eyni mərkəzdən idarə olunduğu ehtimalını gücləndirir.

    Mehmet Fatih Ceylan: Türkiyənin NATO-da keçmiş daimi təmsilçisi olmuş bu şəxs qərbpərəst mövqeyi və Ermənistanla sərhədlərin açılmasını müdafiə etməsi ilə tanınır. Keçmiş diplomatın sərhədlərin açılmasını əsaslandırdığı “NATO-Rusiya mübarizəsi və Cənubi Qafqazda Türkiyənin güc balansına təsiri” haqda fikirləri tanışdır. Torpaqlarımız işğal altında olanda Qərbdə Ermənistanı müdafiə edən və Azərbaycanın maraqları nəzərə alınmadan sərhədlərin açılmasını istəyən dairələr də belə “arqumentlərlə” çıxış edirdi. Fatih Ceylan eyni yanaşmanı bu gün də davam etdirir.

    Alin Ozinian: İstanbulda doğulan erməniəsilli Ozinian İrəvan Dövlət Universitetində təhsil alıb, daha sonra türkoloji fakültəsində magistr oxuyub. Onun karyerası boyunca əsas missiyası Türkiyədə Ermənistanın maraqlarını müdafiə etmək olub, sərhədlərin açılması məsələsinə erməni maraqları kontekstində yanaşması o qədər də təəccüblü deyil.

    Aydın Sezer: Siyasi şərhçi kimi fəaliyyət göstərən Sezer əvvəldən Türkiyə-Ermənistan münasibətlərində Azərbaycanın maraqlarının nəzərə alınmaması mövqeyindən çıxış edir.

    Gönül Tol: ABŞ-də yaşayan “Yaxın Şərq İnstitutu”nun Türkiyə proqramının direktoru olan Tol Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərinə ermənipərəst mövqedən yanaşır və dəfələrlə Türkiyə hakimiyyətinə, birbaşa Prezident Ərdoğana qarşı Qərbdə aparılan kampaniyaların iştirakçısı olub.

    Ahmet Erozan: Keçmiş diplomat, İYİ partiyası sədrinin beynəlxalq münasibətlər üzrə müavini olan bu şəxs “millətçi obrazına” bürünsə də, Qərb maraqlarının müdafiəçisidir.

    Bu siyahını artırmaq da olar. Kampaniyanın icraçılarının kimliyi də göstərir ki, Azərbaycan səfirinə qarşı hücum şousu ermənipərəst və Qərbdən təlimat alan qüvvələr tərəfindən aparılır. Bu şəxslərin eyni mərkəzin, istisna deyil ki, Qərbdə Ermənistanın maraqlarını müdafiə edən dairələrin direktivləri ilə hərəkət etdiyi aydındır. Məqsəd Türkiyənin maraqlarını qorumaq yox, Avropadan qaynaqlanan sərhədlərin açılması ilə Ermənistanı “xilas etmək” siyasətinə qulluq etmək və erməni maraqları naminə Azərbaycan-Türkiyə qardaşlığını pozmaqdır. Əks təqdirdə, Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün Ermənistanın mövcud konstitusiyasının dəyişdirilməsi tələbinin Türkiyənin də maraqlarına xidmət etdiyini anlayar, səfirimizin rəsmi Ankaranın da mövqeyi olan fikirlərindən “stəkanda fırtına qoparmaq” üçün istifadə etməzdilər. 

    Uzun illər Türkiyənin diplomatik çevrələrində fırlanmış bu “diplomatlara” xatırlatmaq yerinə düşər ki, Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə yanaşı, Türkiyəyə qarşı da iddialar yer alır. 1995-ci ildə qəbul edilən konstitusiyasında əks olunur ki, “dövlətin vəzifəsi 1990-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsinin tələblərini yerinə yetirməkdir”. 12 bənddən ibarət olan Müstəqillik Bəyannaməsində isə qeyd olunur ki, “Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.

    Yəni Azərbaycanın Ermənistan qarşısında qoyduğu konstitusiyanın dəyişdirilməsi tələbi özündə qardaş Türkiyənin maraqlarını da əks etdirir. Bunu görməzdən gələn və Ermənistanın maraqları naminə Azərbaycanı hədəf seçənlər, səfirimizin fikirlərini “Türkiyəyə hörmətsizlik” kimi təqdim edən dairələr artıq özlərini ifşa edir. Xüsusilə keçmiş diplomatların yer aldığı bu dairələr arasında imperial ambisiyalardan çıxış edənlər də var, Qərbə yarınmaq istəyənlər də. Vaxtilə Osmanlını zəiflətmək üçün xarici qüvvələrə xidmət edənlərin davamçıları bu gün də Türkiyə Cümhuriyyətinin milli maraqlarına əsaslanan müstəqil siyasətinin önünü kəsmək, dövləti zəiflətmək missiyasını davam etdirir. Onların məqsədi Türkiyənin maraqlarını müdafiə etmək yox, təlimat aldıqları mərkəzlərin istəyi ilə Azərbaycan-Türkiyə qardaşlığını zədələmək, Cənubi Qafqazda, xüsusilə Qərbdəki ermənipərəst dairələrin siyasətinin önə çıxmasına nail olmaqdır. Hələ Qarabağın işğalı dövründə həyata keçirməyə çalışdıqları planı bu gün də icra etməyə çalışırlar.

    Azərbaycan səfirinin İ.Əliyevlə R.T.Ərdoğanın müəyyənləşdirdiyi kursa uyğun fikirlərini az qala “Türkiyəyə hörmətsizlik” kimi təqdim edən bu dairələrin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıçın dediklərini görməzdən gəlmələri də baş verənlərin sifarişli kampaniya olduğu fikrini gücləndirən məqamlardan biridir. İrəvanda Türkiyə bayrağının yandırılmasından cəmi bir neçə gün sonra xüsusi nümayəndə Kılıç Ermənistana səfər etdi və bəyan etdi ki, “burada özümü evimdə kimi hiss edirəm”. Türkiyəli diplomat bununla kifayətlənmədi. Vurğuladı ki, “Ermənistan və Türkiyə arasında normallaşma prosesinə başlayanda erməni həmkarıma çoxlu təkliflər irəli sürdüm və onların heç biri Türkiyəyə fayda gətirməyə hesablanmayıb. Mənim əsas məqsədim erməni xalqının rifahına və daha yaxşı gələcəyinə töhfə vermək idi”.

    Əslində, bu, Türkiyə maraqlarına xəyanət hesab olunacaq kifayət qədər qalmaqallı açıqlamadır. Türkiyəli diplomat açıq şəkildə etiraf edir ki, Ermənistanla danışıqlarda öz dövlətinin deyil, qarşısındakı ölkənin maraqlarını güdür. Azərbaycan səfirinə “Türkiyə maraqlarının müdafiəsi” adı altında hücum edən türkiyəli jurnalistlər və sabiq diplomatlar isə bu xəyanət qarşısında susurlar. Burada bir daha aydın olur ki, xarici mərkəzlərin direktivləri ilə Türkiyəyə qarşı genişmiqyaslı xəyanət şəbəkəsi aktivləşib, Azərbaycanı hədəf seçmələri də xəyanət planının tərkib hissəsidir.

    Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan bu dairələrin “bir millət, iki dövlət” kəlamını məsxərəyə qoyacaq həddə düşmənçilik nümayiş etdirmələri xəyanət şəbəkəsinin gerçək simasını ifşa edir. Əliyev-Ərdoğan xəttinə qarşı aqressiv və total şəkildə hücumda iştirak edənlər arasında hətta hakimiyyət iddiasında olan çevrələrin də yer alması təkcə onların maskalarını yırtmır, eyni zamanda qardaşlıq münasibətlərini də risk altına salır. Çünki qardaş ölkədə bizə qarşı zaman-zaman davam edən total hücumlar Azərbaycandakı Türkiyə romantizminin, “Türkiyədə hər kəs bizi qardaş hesab edir” təsəvvürünün reallıqdan uzaq olduğunu ortaya çıxarır. 

    Bu qüvvələr və onların havadarları anlamırlar ki, “bir millət, iki dövlət” prinsipinin məsxərəyə qoyulması, Türkiyə-Ermənistan münasibətləri haqda istənilən açıqlamanın “hörmətsizlik” kimi qələmə verilməsi, ümumiyyətlə Azərbaycana qarşı arqessiv və total hücumlar bir sıra suallar doğura bilər.

    Misal üçün, Türkiyə Ermənistanla münasibətləri Azərbaycan-Ermənistan kontekstindən ayırırsa, Azərbaycan niyə yunan Kipri ilə münasibətlərdə Türkiyənin mövqeyindən çıxış edir?! Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi var və enerji sahəsində geniş əməkdaşlıq əlaqalərinə malikdir. Lakin məhz Azərbaycanın yunan Kipri ilə heç bir əlaqə qurmaması Aİ ilə çoxsaylı layihələrin reallaşmamasının əsas səbəbidir. Azərbaycan bu məsələdə qardaş Türkiyənin maraqlarına görə öz maraqlarını qurban verir.

    İndi Azərbaycan nə etməli, Türkiyənin maraqlarını kənara qoyaraq, Aİ ilə münasibətlər naminə yunan Kipri ilə əlaqələr qurmalıdır? Çünki Türkiyədəki bu dairələr hesab edirlər ki, Ermənistanla münasibətlər Azərbaycanın maraqlarına qurban verilməməlidir. Analoji yanaşmanı Azərbaycan da sərgiləməlidirmi? 

    Yaxud Türkiyədəki dairələr Azərbaycanın İsraillə münasibətlərinə necə irad bildirə bilirlər? Axı İsrail Türkiyə ilə müharibə etməyib, Ermənistan isə Azərbaycana qarşı işğalçı müharibə aparıb, torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayıb, azərbaycanlılara qarşı soyqırımı törədib. Bu gün sülh perspektivləri yaransa belə, hələ heç nə rəsmiləşməyib. Türkiyədə Ermənistanla münasibətlərdə rəsmi Bakının mövqeyini heçə sayanlar bu haqda düşünməlidirlər.

    Ümumiyyətlə baş verənlər – Türkiyədə Azərbaycana qarşı davamlı total hücumlar bəzi məsələlər haqqında yenidən düşünmək zərurəti yaradır. Türkiyədə Azərbaycan romantizmi yoxdursa, qardaşlıq hüququ heçə sayılırsa, Azərbaycanda da Türkiyə romantizmi suallar doğurmağa başlayır, gerçək qardaşlıq münasibətlərinə şübhələr yaranır.

    Əminik ki, Türkiyə dövləti də, xalqı da məlum çevrənin iki ölkənin münasibətlərinə xələl gətirməsinə imkan verməyəcək. Ən azından ona görə ki, “erməni həmkarıma irəli sürdüyüm təkliflərin heç biri Türkiyəyə fayda gətirməyə hesablanmayıb, əsas məqsədim erməni xalqının rifahına töhfə verməkdir” deyən hazırkı diplomatın da, “bir dövlət-iki millət” prinsipini məsxərəyə qoyan sabiq diplomatların da niyyəti və məramı gün kimi aydındır hamımıza.

    Aslan Vəliyev

    Mənbə

  • Prezidentdən Sabir Rüstəmxanlı ilə bağlı 
							 – Sərəncam

    Prezidentdən Sabir Rüstəmxanlı ilə bağlı – Sərəncam

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib.

    “Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    O, bu təltifə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə layiq görülüb.

    Mənbə

  • “İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb” 
							 – Yenilənib

    “İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb” – Yenilənib

    “Yerli icra hakimiyyətləri ilə çox çətin işləyirik”.

    “Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatının müzakirəsi zamanı bildirib.

    “Hər il məişət zorakılığı ilə bağlı sorğular, hesabatlar alırıq. Bizə rayonlardan verilən statistikaya baxıram. Rayon aliment ödəməyən kişilərin sayını 0 göstərib. Demək ki, heç maraqlanmayıb. İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb. Elə bir rayon varmı ki, orada aliment ödəməyən valideyn olmasın?! Belə bir şey yoxdur”, – deyə komitə sədrinin müavini qeyd edib.

    Məsələyə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da münasibət bildirib. O qeyd edib ki, rayon rəhbərliyi problemli ailələri hamıdan yaxşı tanımalıdır: “Onlar artıq hamı tərəfindən tanınmış ailələrdir. Bu ailələr ayrı-ayrı qurumların nəzarətində olmalıdır. Hansısa ciddi problem olanda təcili formada yardım təşkil olunur. Biz gözləməli deyilik ki, ciddi faciə baş versin və sonra onunla məşğul olmağa başlayaq. Bunu hansısa bir qurumun üzərinə atmaq mümkün deyil. Burada hamımızın fəaliyyəti olmalıdır”.

    Nuranə Daxilqızı

    Mənbə

  • Paşinyandan Qarabağ ermənilərinə çağırış 
							 – “Vətən axtarışı başa çatıb”

    Paşinyandan Qarabağ ermənilərinə çağırış – “Vətən axtarışı başa çatıb”

    “Erməni xalqı müvəqqəti dayanacaq psixologiyasından imtina etməli, Ermənistan Respublikasını vətən və sığınacaq kimi qəbul etməlidir”.

    “Qafqazinfo” “Armenpress” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniyada çıxışı zamanı söyləyib. 

    “Vətən axtarışı prosesi başa çatıb. Biz öz vətənimizi tapmışıq və bu, Ermənistan Respublikasıdır”, – Baş nazir vurğulayıb.

    Paşinyan bunu yolda dayanma hissi ilə müqayisə edib: “Bugünkü siyasi prosesin mahiyyəti ondan ibarətdir ki, biz Ermənistan Respublikasını dayanacaq kimi deyil, təyinat nöqtəsi kimi qavramağa başlayırıq”. 

    “İndi onlar buraya gəliblər. Biz istəyirik ki, bu insanlar bizim kimi məskunlaşsınlar və dayanacaq qavrayışını təyinat nöqtəsi qavrayışına dəyişsinlər”, – Paşinyan əvvəllər Qarabağda məskunlaşmış ermənilərə müraciətində deyib.

    Mənbə

  • 1 həftəyə Tbilisiyə qatarlar açılır 
							 –  Nazirlik təsdiqlədi

    1 həftəyə Tbilisiyə qatarlar açılır – Nazirlik təsdiqlədi

    Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-də iştirak etmək məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər.

    “Qafqazinfo” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanma mərasimi mayın 18-i Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.

    Hər iki lider imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini, xüsusən də Azərbaycan və Gürcüstanın bir çox ölkələr üçün bağlantı habı kimi mühüm rolunu və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

    Xəbəri rus dilində oxuyun: Через неделю запускаются поезда в Тбилиси – Минэкономики

    Yuxarıda göstərilən hökumətlərarası sazişlərin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq dövlət enerji şirkətləri 15 oktyabr 2026-cı il tarixindən gec olmayaraq, bağlanacaq müqavilələrin başlıca kommersiya parametrlərini müəyyən edən Əsas Şərtləri imzalayıblar.
    Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Midstream Operations” MMC (SMO) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin, o cümlədən Supsa Neft Terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini müəyyən edən Əməliyyat Sazişi üzrə Əsas Şərtlər imzalanıb.

    Koordinasiya Şurasının Protokolu həmçinin müvafiq dəmir yolu infrastrukturunun dəmir yolu xəttinin idarə olunmasına nəzarət etmək üçün “BTKI Dəmir Yolları” MMC Birgə Müəssisəsinə ötürülməsini rəsmiləşdirib ki, bu da regional bağlantının gücləndirilməsində mühüm addımdır.

    Tərəflər əlavə olaraq 26 may tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

    Mənbə

  • “Space FM”ə yeni direktor təyin edildi

    “Space FM”ə yeni direktor təyin edildi

    “Space FM”ə yeni direktor təyin edilib.

    “Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə tanınmış radio aparıcısı Çingiz Mustafayev (“DJ Çina”) gətirilib.

    O, təyinatı barədə sosial şəbəkə hesbında paylaşım edib.

    Mənbə

  • 15 əsrdir, kanalizasiyaları var 
							 – Prezident o kəndi nümunə çəkdi

    15 əsrdir, kanalizasiyaları var – Prezident o kəndi nümunə çəkdi

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Azərbaycanın qədim şəhərlərinin və tarixi memarlıq abidələrinin ölkənin mədəni irsinin mühüm hissəsi olduğunu bildirib.

    “Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı qeyd edib ki, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz zəngin memarlıq ənənələri ilə seçilir. Prezident çıxışında müxtəlif dövrlərə aid tarixi abidələri nümunə göstərərək onların qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

    İlham Əliyev vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı şəhərində yerləşən və 743-cü ildə tikilmiş qədim məscidi dünyanın ən qədim məscidlərindən biri kimi qeyd edib.

    Prezident həmçinin XII əsrin görkəmli memarı Əcəmi Naxçıvaninin yaratdığı Möminə xatun türbəsi haqqında danışaraq bu abidənin Azərbaycan memarlıq məktəbinin mühüm nümunələrindən biri olduğunu bildirib.

    Çıxış zamanı Gəncə şəhərinin həm qədim tarixini, həm də müasir inkişafını qoruduğu vurğulanıb. Dövlət başçısı qeyd edib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni olan şəhər tarixi simasını saxlayaraq inkişaf edir.

    Prezident QəbələŞəki şəhərlərində yerləşən qədim abidələrdən, eləcə də Şəki yaxınlığındakı Kiş kilsəsi haqqında danışıb. Bildirib ki, bu kilsə dünyanın ən qədim kilsələrindən biri hesab oluna bilər.

    İlham Əliyev qədim mühəndislik nümunəsi kimi Lahıc kəndini də xüsusi qeyd edib:

    “Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər”.

    Dövlət başçısı işğaldan azad olunmuş Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işlərinə də toxunaraq Şuşa qalasının artıq bərpa edildiyini diqqətə çatdırıb.

    Prezident çıxışında vurğulayıb ki, Azərbaycanın tarixi-mədəni irsi təkcə musiqidə və ədəbiyyatda deyil, həm də memarlıq nümunələrində öz əksini tapır və bu irsin qorunması gələcək nəsillər qarşısında mühüm vəzifədir:

    “Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb”.

    Telli Minbir









    Mənbə

  • “Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm” 
							 – Prezident

    “Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm” – Prezident

    “Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir”.

    “Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.

    “Əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır və mən müsafirlərimizə, xüsusən də soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm”, – Prezident qeyd edib.

    Mənbə