Blog

  • Doqquzuncuların imtahanı da təkrar keçiriləcək

    Doqquzuncuların imtahanı da təkrar keçiriləcək

    Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında müxtəlif imtahanlar keçirilib. Həmin gün Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu hal nəzərə alınaraq qeyd olunan şəhərlərdə imtahanda iştirak etmiş və ya imtahana gedə bilməmiş şəxslər üçün 21 iyun tarixində imtahanın təkrar keçirilməsi nəzərdə tutulur.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, təkrar imtahana ancaq qeyd olunan şəhərlərdə keçirilmiş imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər.

    Kollecə qəbul olmaq üçün sənəd təqdim etməyən, lakin mayın 17-də qeyd olunan şəhərlərdə buraxılış imtahanında iştirak etməli olan şagirdlər (apreldə keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari və əvvəlki illərin IX sinif şagirdləri, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər) 25-27 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edərək 21 iyunda keçiriləcək təkrar imtahanda iştirak edə bilərlər. 21 iyunda keçiriləcək imtahanda iştirak etmək istəməyən şagirdlər ənənəvi olaraq sentyabrda keçirilən imtahana da qatıla bilərlər”, – məlumatda deyilir.

    Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.

    Mənbə

  • WUF13-ün bağlanış mərasimi keçirildi 
							 – Video – Fotolar

    WUF13-ün bağlanış mərasimi keçirildi – Video – Fotolar

    Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bağlanış Mərasimi keçirilir.

    “Qafqazinfo” xəbər verir ki, mərasimdə WUF13 iştirakçıları, rəsmilər, qonaqlar iştirak edir.

    Qeyd edək ki, WUF13 (XIII Ümumdünya Şəhərsalma Forumu) mayın 17-si başlayıb. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirə minlərlə dövlət rəsmisi, şəhərsalma mütəxəssisi və qeyri-hökumət təşkilatı qatılıb. Tədbirlər Bakı Olimpiya Stadionunda keçirilib.

    WUF13-ün bağlanış mərasimi başa çatıb.

    Lamiyə Məmmədova

    Fotolar: Pərvin Zeynal









    Mənbə

  • “Bilirəm, çox ağır və zəhmətli iş idi” 
							 – Hikmət Hacıyevdən jurnalistlərə

    “Bilirəm, çox ağır və zəhmətli iş idi” – Hikmət Hacıyevdən jurnalistlərə

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13-ün sonuncu günündə jurnalistlərlə söhbətləşib. 

    “Qafqazinfo” xəbər verir ki, o, jurnalistlərə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) gördükləri işlərə görə minnətdarlığını bildirib. 

    “Azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını göstərdi. Dəqiq və çevik formada bütün bu məlumatlar ictimaiyyətə çatdırıldı. Həmçinin Azərbaycan mediası öz peşəkarlığını beynəlxalq media ilə birlikdə, hətta rəqabət prinsipləri əsasında fəaliyyət göstərərək çox operativ surətdə məlumatların verilməsini təmin etdi.

    Həmin görüntüləri təqdim edirik:

    Mənbə

  • Nural Əliyev vəzifəsindən azad ediləcək

    Nural Əliyev vəzifəsindən azad ediləcək

    Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək.

    “Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə olunan layihədə əksini tapıb.

    Layihədə yazılıb ki, Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunacaq. 

    Qeyd edək ki, N.Əliyev daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində çalışıb. O, ölkə gündəmində müzakirə edilən bir çox cinayət işlərini araşdırıb.

    Mənbə

  • Sabiq deputat Türkiyədə vəfat etdi 
							 – Foto

    Sabiq deputat Türkiyədə vəfat etdi – Foto

    Sabiq millət vəkili, Tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, o, ötən gün İstanbulda dünyasını dəyişib.

    Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış.

    Qeyd edək ki, C.H.Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.

    Mənbə

  • Ayağını itirdiyi yarışmada qalib elan edildi 
							 – Video

    Ayağını itirdiyi yarışmada qalib elan edildi – Video

    Tanınmış iş adamı Acun Ilıcalının prodüseri olduğu məşhur “Survivor Yunanıstan” yarışmasının 2026-cı il finalı dramatik hadisələrlə yadda qalıb.

    “Qafqazinfo” xəbər verir ki, mövsüm ərzində ağır qəza keçirərək ayağı amputasiya olunan iştirakçı Stavros Floros final şurasında çempion elan olunub.

    Dominikan Respublikasında çəkilişlər zamanı baş verən qayıq qəzasında Floros ağır xəsarət alıb və nəticədə ayaqlarından biri amputasiya edilib. Hadisə mövsüm boyunca həm yarışma iştirakçıları, həm də tamaşaçılar tərəfindən geniş müzakirə olunub.

    Final zamanı duyğusal anlar yaşanıb. İştirakçılar çıxışlarında həm Stavrosa, həm də qəza zamanı onun həyatını xilas etdiyi bildirilən Manosa dəstək mesajları veriblər. Manos “qəhrəman”, Stavros isə “həyatın əsl döyüşçüsü” kimi xarakterizə olunub.

    Mənbə

  • Tbilisi qatarına ilk bileti o aldı 
							 – Vağzalda növbə var-Video

    Tbilisi qatarına ilk bileti o aldı – Vağzalda növbə var-Video

    Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb.

    “Qafqazinfo”nun məlumatına görə, artıq ilk dəqiqələrdən Bakı Dəmiryol Vağzalının kassasında növbə yaranıb və 150-dən çox bilet satılıb.

    Bakı–Tbilisi qatarına bilet alan ilk şəxs Elnarə Rəsulova adlı xanım sərnişin olub.

    Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından almaq mümkündür.

    Mənbə

  • Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı

    Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı

    Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib.

    “Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

    Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin isə vəzifəsi bərpa olunub.

    Mənbə

  • WUF nəyimizə lazımdır?

    WUF nəyimizə lazımdır?

    Bitməyən ağ yağışlar, albinos yağışlar fonunda ölkəmizə müxtəlif rəngli, müxtəlif çinli adamlar axışıb. Vətənini evi sayanlar belə günlərdə ev sahibi kimi qonaqlardan, mahiyyətdən narahat qalır, ailə üzvlərindən yox.

    Təəssüf, bizdən qeyrət tələb olunan mötəbər günlərdə Əli bəy Hüseynzadənin, Topçubaşovun, Nemanzadənin xələfi olmayanlar da hər fürsətdən yararlanır, qələmlərini bu mürəkkəb dünyada ölkəmizin qanına batırmaqdan həzz alırlar.

    Hadi XX əsrdə deyirdi:

    Yox millətimin xətti bu imzalər içində!”

    O da yüzlərlə həmkarı kimi güzaran vəd eləyən cəbhədə ola bilər, öz imzasını millətinin xəttindən üstün tutar, yaşayar, yaşayar, yaşayardı…

    Böyük kişilər bu cür yaşaya bilmir. Azmanların qübarı fərdi səbəblərdən yaranmır, onlar ölkəsinin, dünyanın problemləri ilə vurnuxur, böyük dərdlərdən çərləyib ölür.

    Peşəni alçaltmaq fikrim yoxdur, amma dərdi-səri 10 qutu arısını qoymağa yamac axtaran adi arıçını ozon dəliyi problemini narahat etmir, hərçənd ozon dəliyi birinci arıları öldürəcək.

    İkinci Dünya müharibəsi zamanı Leninqrad 900 gün mühasirədə qalanda aclıqdan kütləvi ölüm olur. Mühasirə vaxtı dünyanın ilk və ən böyük toxum – Bitki Genetik Ehtiyatları İnstitutunun əməkdaşları da binanın içində qalır. Bəziləri acından ölür, bəziləri sona qədər döyüşərək həlak olur, ancaq heç kəs toxumları bişirib yemir. Milliyyətindən asılı olmayaraq, həmin şəxslər, həmin alimlər şəhiddir. Bəlkə də o xüsusi bəslənmiş toxumlardan çox dadlı yeməklər, hədiylər bişirib yeyə bilərdilər və buna görə heç kəs onları qınamazdı. Ancaq onlar özlərini yox, gələcəyi qorumağı düşündü. Onlar yaxşı bilirdilər ki, özlərindən dünyada milyardlarla var, ancaq qoruduqları toxumlar sonunculardır.

    Böyük adamların davaları, problemləri də böyük olur. Bu gün Azərbaycan, bəlkə də, iqtisadiyyatı, büdcəsi bizdən qat-qat artıq olan onlarla ölkədən daha mütərəqqi yola qədəm qoymağı bacarıb və Azərbaycan daha çox dünya ölkəsidir.

    WUF13 nəyimizə lazımdır?

    Bu layihə bir zamanlar qanla yoğrulan, şok keçirən, ölən torpaqların dirildilməsinə hesablanıb. Azərbaycan qlobal dünyanın mütərəqqi plastından çoxdan yaddan çıxarılmış Qafqazı silkələyərək, elektroşok verərək özünə gətirir və hər keçən layihədən sonra biz bu müqəddəs torpaqların yenidən nəbz kimi vurduğunu hiss edirik. Dünyanın ürəyi Qafqazda da hiss olunmağa başlayır.

    WUF, COP kimi tədbirlər təkcə urbanstik, iqlim problemlərinin həllinə hesablanmış konsept deyil, bu həm də dünyanın bir yerə yığışıb bir daşın altına əl qoyma qeyrətidir. Dünya hər daşın dalında birləşmir, dünyanın birləşib dərdləşdiyi məkan da öz yerindən dünyaya möhkəmlənir, ismarlanır, bərkiyir.

    Azərbaycan bu cür meqatədbirlərə öz gənc sinəsində yer verdikcə özünü hər gün bir irəlidəki səbətə atır. Bu səbət müharibəsində ön cəbhədə olmaq, zamanında öz iqtisadi, mədəni, coğrafi, mənəvi sərhədlərinə bayraqlarını sancmaqdır tarix yazmaq.

    Fərdi, lokal cəhdlər tarixə yazılımır. Tarixi yazmaq üçün iriçaplı cəhdlər, cürət, qüdrət və qeyrət lazımdır. Bir zamanlar şairlərin dilədiyi imza mövqeyi, mötəbər cəbhələr xülyası bu gün Azərbaycanın mübarək adına yazılır.

    Öz sərvətləri ilə əlləşib, dolanıb dünyadan silinən ölkələr, imperiyalar var. Onlar məskən salmağı bacarmışdılar, amma məskəni necə salmaq lazımdır, bunu bilmədiklərindən sonda insanları yad ocaqlar üçün çöp toplamaq məcburiyyətində qaldı. Bu gün Azərbaycanda dünyaya şəhərsalma, şəhərləşmə mədəniyyətindən dərs deyilir. Bu dərsdən içində biz də olmaqla, hamımız 5 almalıyıq, kəsrlərimizi düzəltməliyik. Çünki çağdaş dünyanın ilk yerlərində duran problemlərdən biri əhalinin düzgün yerləşməsi, düzgün birgəyaşayışın təmin olunmasıdır. Xoatik məskənlər gec-tez xaraba qalır və özü ilə paralel yerə, göyə təsir edir, iqlimi korlayır… Biz üzərində qaranquşlar, qağayılar uçan şəhərlər salmalıyıq, uçuq divarında bayquş ulayan yox.

    Necə ki 5-cə il ərzində Ağdamda, Cəbrayılda, Füzulidə yarasa, bayquş gəzişən xarabalıqlara süd kimi işıq çəkdik, bəyaz gecələr yaratdıq, rəngli evlər tikdik. Bu məskənlərə dünyanın ən innovativ yeniliklərini tətbiq etdik ki, bu da təkcə WUF13  üçün yox, 14, 15.. 20 üçün də nümunə ola bilər.

    Bu ağ yağışların, albinos yağışların yağdığı günlərdə qara fürsət güdənlər üçün də mövzu yarandı və Bakının kanalizasiya, drenaj problemlərini bayraq edib beynəlxalq tədbirin gedişatını gözdən salmağa çalışanlar da oldu. Ancaq səfalət içində yaşayıb acından ölərkən də millətinin imzasını düşünən Hadinin ruhu şaddır. Çünki onun ruhu bu çirkin kampaniyalara qədər enmir, yüksəklərdə isə görünən imzamızdır:

    Vankuver, Barselona, Neapol, Əbu-Dabi, Qahirə, Bakı… Dünyanı gəzən qlobal mərasim bu gün Bakını seçib.

    Daha bir şad günün mübarək, Azərbaycan!

    Sərdar Amin

    Xüsusi olaraq “Qafqazinfo” üçün

    Mənbə

  • “Qarabağ” Elvin üçün “Neftçi”dən daha çox pul istədi

    “Qarabağ” Elvin üçün “Neftçi”dən daha çox pul istədi

    İntizamsız davranışlarına görə “Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyevə bir neçə təklif var.

    “Qafqazinfo” Futbolinfo.az-a istinadən xəbər verir ki, Macarıstanın “Ferentsvaroş” klubu müdafiəçini israrla heyətinə qatmaq niyyətindədir. Onlar bir neçə dəfə “Qarabağ”a təklif göndərib. Ağdam klubu Elvinin transferi üçün 1,5 milyon avro (3 milyon manat) istəyir.

    Bununla yanaşı, Türkiyənin “Amed” klubu da Azərbaycan yığmasının üzvü ilə maraqlanıb. Superliqaya yeni vəsiqə qazanan komanda transfer məbləğini ödəməyə də hazırdır. Lakin məsələ odur ki, Elvin xarici klublardan ilinə 1 milyon avro maaş istəyib. O, meneceri vasitəsilə hər iki kluba yalnız bu şərtlər altında keçəcəyini deyib.

    Qeyd edək ki, E.Cəfərquliyev hazırda “Qarabağ”ın əvəzedici heyətində çıxış edir. O, ötən gün “Kəpəz”ə qarşı keçirilən oyunda da meydanda olub. Lakin ikinci hissənin ortalarında futbolçu zədələnərək əvəzlənib.

    Mənbə