Blog

  • Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi

    Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi

    Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı vəfat edib.

    “Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

    Bildirilib ki, Hərbi Hava Qüvvələrində xidmət edən polkovnik-leytenant Seymur Ağayev xəstəlik səbəbindən dünyasını dəyişib.

    Mənbə

  • Təmsilçimiz finala çıxa bilmədi 
							 – Video-Yenilənib

    Təmsilçimiz finala çıxa bilmədi – Video-Yenilənib

    Bu gecə “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

    “Qafqazinfo” xəbər verir ki, Bakı vaxtı ilə 23:00-da baş tutacaq ikinci yarımfinalda da 15 ölkənin nümayəndələri mübarizə aparacaq.

    İkinci yarımfinalın açılışını Bolqarıstan, sonuncu çıxışını isə Norveç edəcək. Azərbaycan təmsilçisi Cəmilə Həşimova (JIVA) bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxacaq.

    ***

    Beynəlxalq musiqi yarışı “Avroviziya 2026” başlayıb.

    ***

    Təmsilçimiz bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxıb.

    ***

    “Avroviziya 2026”nın ikinci finalçıları bəlli olub. Azərbaycan təmsilçisi JIVA final mərhələsinə adlaya bilməyib.

    İkinci finalçıları təqdim edirik:

    1. Bolqarıstan

    2. Ukrayna

    3. Norveç

    4. Avstraliya

    5. Rumıniya

    6. Malta

    7. Kipr

    8. Albaniya

    9. Danimarka

    10. Çexiya

     

    Mənbə

  • Bu gün Şuşada hava musiqilidir 
							 – Fotolar

    Bu gün Şuşada hava musiqilidir – Fotolar

    Məlum olduğu kimi, Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir.

    “Qafqazinfo” xəbər verir ki, Cıdır düzündə baş tutan festivalın açılışı “Mənim Azərbaycanım” rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsərinin ifası ilə olub.

    Festival bu il də yerli sənətçilərlə yanaşı, müxtəlif ölkələrdən gələn musiqi kollektivləri və solo ifaçıları bir araya gətirir. Tədbirin əsas hədəflərindən biri mədəni əlaqələrin genişləndirilməsi, peşəkarlar arasında təcrübə mübadiləsinin təşviqi və gənc musiqiçilərin yaradıcılıq imkanlarının dəstəklənməsidir.

    “Xarıbülbül”ün açılış konsertində xalq artistləri Polad Bülbüloğlu, Tünzalə Ağayeva, Yusif Eyvazov, əməkdar artistlər Azər Zadə, Elnarə Məmmədova, Elvin Hoca Qəniyev, Təyyar Bayramov, əməkdar mədəniyyət işçiləri aşıq Samirə və aşıq Əli, Beynəlxalq müsabiqələr laureatı Camal Əliyev, ifaçılar Habil Məmmədov və tələbələri, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti Həmid Abdulov, İsmayıl Zeynalov, Kiyoşi Ohira (Yaponiya), Düsseldorfda fəaliyyət göstərən “Reyndə alman operası” teatrının solisti Mara Hüseynova, Müşfiq Quliyev, Riad Məmmədov, Uğur İşılak (Türkiyə), Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı,Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Qazaxıstanın “Turan” Etno-Folk Ansamblı, Özbəkistanın “Şodlık” Rəqs Ansamblı, Türkmənistanın “Qalkınış” Rəqs Ansamblı çıxış ediblər.

    Festivalda çıxış edən tanınmış tenor Azər Zadə: “Burada iştirak etmək mənim üçün çox özəldir. Hətta yadımdadır, 2021-ci ildə ilk “Xarıbülbül” festivalı keçiriləndə bu tədbir mənim üçün unudulmaz olmuşdu və bu günə qədər yaddaşımdadır. Bu gün də burada səhnəyə çıxacağam. Çox gözəl musiqiçilər iştirak edir, burada olduqca maraqlı və səmimi atmosfer var. Özümü xoşbəxt sayıram ki, mən də bu gözəl günün bir parçasıyam, iştirakçılarından biriyəm. Çalışacağıq ki, gözəl ifa təqdim edək və festivalın açılışı yaddaqalan olsun. Artıq üçüncü dəfədir ki, “Xarıbülbül” festivalında iştirak edirəm. Bu il atam, Zaur Rzayevlə birlikdə çıxış etməli idik. Təəssüf ki, səhhətində yaranan problemə görə mən tək iştirak etməli oldum. Yenə də burada olduğum üçün çox şadam”.

    Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə bildirib ki, “Xarıbülbül” festivalında iştirak etmək onlar üçün böyük qürur hissidir: “Bizim üçün, həqiqətən də, azərbaycanlı olaraq böyük sevinc hissidir ki, doğma yurdumuzda bu festival illərdir keçirilir. Festivalda çoxlu xarici qonaqlar iştirak edir. Biz də Azərbaycan Dövlət Rəqs Ansamblı olaraq “Mənim Azərbaycanım” suitasını təqdim edirik. Ümid edirəm ki, festivala gələn bütün qonaqların ürəyincə olacaq. Hər bir kollektiv bu festivala böyük məsuliyyət və ürəklə hazırlaşır. Çünki Şuşada, Cıdır düzündə Azərbaycan mədəniyyətini xarici ölkələrə və xalqlara nümayiş etdirmək hər birimizin borcudur. Azərbaycan Dövlət Rəqs Ansamblı da əlindən gələni edir ki, milli mədəniyyətimiz festivalda ən yüksək səviyyədə təqdim olunsun və insanlar bunu yaxından görsünlər. Onu da qeyd edim ki, sabah Azərbaycan Dövlət Rəqs Ansamblı, Özbəkistanın “Şadlıq” ansamblı və türkmən qardaşlarımızın dövlət rəqs ansamblı birlikdə Cıdır düzündə çıxış edəcək. Tamaşaçılar üçün maraqlı konsert proqramları təqdim olunacaq”.

    İlk dəfə “Xarıbülbül” festivalında iştirak edən Sankt-Peterburqun Mariya Teatrının azərbaycanlı solisti Həmid Abdulov bildirib ki, Şuşada səhnəyə çıxmaq onun üçün həm həyəcanlı, həm də qürurvericidir: “Çox şadam ki, Şuşada bu festivalda iştirak edirəm. Mənim üçün həm həyəcanlı, həm də fəxrverici hissdir. Açığı, belə bir təklif gözləmirdim. Amma burada iştirak etməyi çox istəyirdim. Azərbaycan səhnələrində çıxış etmək mənim ən böyük arzularımdan biri olub”.

    Xalq artisti Tünzalə Ağayeva bildirib ki, Şuşada keçirilən “Xarıbülbül” festivalında iştirak etmək onun üçün böyük qürur hissidir: “Bu, həqiqətən də çox qürurverici hissdir. Müqəddəs Şuşada, tarixi “Xarıbülbül” festivalının bir parçası olmaq, səhnədə gözəl Azərbaycan musiqisini səsləndirmək məni çox xoşbəxt edir. Şəhidlərimizin əziz xatirəsi hər birimizin qəlbində və yaddaşındadır. Onlara daim minnətdarıq. Xalqımız adına sevinirəm. Dövlətimizə, xüsusilə də Ali Baş Komandana və şanlı ordumuzun qəhrəman əsgərlərinə təşəkkür edirəm ki, bizə bu hissləri yaşatdılar. Arzu edirəm ki, “Xarıbülbül” festivalının uzun ömrü olsun və biz burada daha çox konsertlər, bayramlar, festivallar keçirək. Bu torpaqlar, bu dağlar, bu səma sanki bu günləri gözləyirdi. İnanıram ki, biz zaman keçdikcə bu sevinci, bu həyatı Şuşaya və onun təbiətinə daha çox qaytaracağıq”.

    Düsseldorfda fəaliyyət göstərən “Reyndə alman operası”nın solisti Mara Hüseynova bildirib ki,  ilk dəfədir ki, Şuşaya gəlib: “İlk dəfədir ki, bu festivalda iştirak edirəm. Təklif gələndə çox sevindim və qürurlandım. Belə bir tədbirin parçası olmaq çox gözəl hissdir. Festival çərçivəsində Müslüm Maqomayevin “Nərgiz” ariyasını ifa etdim”.

    Türkmənistanlı rəqqas Ayna Səfərova bildirib ki, “Xarıbülbül” festivalında iştirak etmək onlar üçün böyük sevincdir:  “Qalkınış” folklor rəqs qrupunun üzvüyəm. Biz Şuşada keçirilən IX “Xarıbülbül” festivalında iştirak etmək üçün Azərbaycana gəlmişik. Festival çərçivəsində öz milli mədəniyyətimizi təqdim edirik. Buraya türkmən xalçaları, dəf, dutar kimi milli alətlərimizlə yanaşı, ənənəvi “Küştdepti” rəqsimizi də gətirmişik. Azərbaycanlı dostlarımızın bizim rəqsimizə qoşulması, milli geyimlərimizi geyinməsi, xüsusilə oğlanların türkmən papaqlarına maraq göstərməsi bizim üçün çox xoş və maraqlı anlar yaratdı. Bu festival xalqlar arasında dostluq və mədəni yaxınlığın gözəl nümunəsidir”.

    “Qalkınış” folklor rəqs qrupunun üzvü Amanqulı Şəhzadə bildirib ki, “Xarıbülbül” festivalında ilk dəfə iştirak edirlər: “Azərbaycanlı rəqqaslarla birlikdə çıxış etmək və birgə rəqs etmək bizim üçün böyük sevinc hissidir. Türkmən milli geyimlərini azərbaycanlı dostlarımıza geyindirərək birlikdə səhnəyə çıxırıq. Bu, xalqlarımız arasındakı dostluğun gözəl nümunəsidir. Yaşasın Türkmənistan-Azərbaycan dostluğu!”

    Təkcə sənətçilər deyil, festivalı izləməyə gələn tamaşaçılar və qonaqlar da çox sevincli görünürdülər.

    Xalq artisti Hacı İsmayılov tədbirdən zövq aldığını bildirib: “Çox gözəl, çox gözəl. Bu il “Xarıbülbül” festivalı doqquzuncu dəfə təşkil olunub. Hava da çox gözəldir — yaz-yay ab-havası var. Möhtəşəm bir konsert izlədik. Burada müxtəlif xalqların nümayəndələri də iştirak edirdi. Mən hər dəfə bura, Cıdır düzünə, “Xarıbülbül” festivalına gələndə bir şey yadıma düşür və həmişə deyirəm:

    Yad eldə gül-çiçək axtaran könül,

    Çiçək Qarabağdır, gül Qarabağdır.

    Misqalında cəvahirat, zər-ziba,

    Gövhər Qarabağdır, ləl Qarabağdır.

    Burda Qaryağdının ecazkar səsi,

    Burda İslamın, Yaqubun neçə nəfəsi,

    Ən həzin, ən kövrək dil Qarabağdır”.

    Əməkdar incəsənət xadimi Ayaz Salayev tədbirlə bağlı təəssüratlarını bölüşərkən kövrəlib: “Təəssüratlarım çox böyükdür. Ümumiyyətlə, konsert özü gözəl idi. Cıdır düzündə olanda mənim hər şey xoşuma gəlir…Hər dəfə bura gələndə kövrəlirəm”.

    Xalq artisti Fidan Hacıyeva da festivaldan böyük həzz aldığını bildirib: “Çox gözəl tədbir idi. Çox xoşbəxtəm ki, bu tədbirdə iştirak elədim, bizim Şuşamızda, Qarabağda. Çox gözəl əsərlər səsləndi, kompozisiyalar səsləndi. Yeni, yeni aranjiman olan xalq mahnılarımız, bizim gözəl sənətkarlarımız… Təbrik eləyirəm və düşünürəm ki, hər il biz bu möhtəşəm Xarıbülbül festivalına gələndə yeniliklər görürük. Yeni simalar görürük, yeni adlar görürük, gənclərimizi görürük. Başqa ölkələrdən də gözəl sənətkarlar gəlir, ansambllar gəlirlər. Bu çox gözəldir”.

    Xalq artisti Şamil Süleymanlı: “Burda qaya var, orda mən 7 yaşında olanda atamla şəklim var. Bax, o qayaları görürsən? Elə bil çağırır uzaqdan. Burda mənim evim var, mən şuşalıyam. Biz şuşalıların sözü də başqa cürdür. Sağ olsun cənab Prezident! Belə ildə bir dəfə “Xarıbülbül” keçirilir. Kövrəlirəm mən. Çünki mənim Şuşam qayıdıb. O, nənəmlə getmişdi. İndi isə biz buradayıq.”.

    Qarabağ Universitetinin tələbəsi Xədicə Nəzərli festivalı izləmək üçün Şuşaya gəlib. O, tədbirin atmosferini yüksək qiymətləndirərək, burada müxtəlif ölkələrin musiqi və rəqs nümunələrinin bir araya gəlməsini xüsusi vurğulayıb: “Belə festivallar gənclərin mədəni müxtəlifliyi daha yaxından tanımasına imkan yaradır və Şuşanın mədəni həyatını daha da canlandırır”.

    Müəllimləri ilə birlikdə festivala qatıldığını deyən Qarabağ Universitetinin tələbəsi Lalə Şərifzadə tədbirin təşkilatını yüksək qiymətləndirib: “Şuşanın ab-havası hər zamankından fərqlidir və bu mühit tədbirə xüsusi rəng qatır. Belə bir məkanda mədəni tədbir daha təsirli və yaddaqalandır”.

    Festivalın açılış konserti “Qarabağ yallısı” ilə başa çatıb.

    Qeyd edək ki, festival mayın 15-də — ikinci günündə də zəngin musiqi proqramı ilə davam edəcək.

    Şuşanın simvoluna çevrilən “Xarıbülbül” Musiqi Festivalının əsası 1989-cu ildə qoyulub. Həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illiyi münasibətilə əvvəlcə Ağdamın Abdal Gülablı kəndində start götürən tədbir daha sonra Şuşada davam edib və Ağdamda yekunlaşıb. 1990-cı ildən etibarən festival beynəlxalq status alaraq müxtəlif ölkələrdən sənətçiləri bir araya gətirib.

    Vətən müharibəsində qazanılan qələbədən sonra “Xarıbülbül” yenidən doğma Şuşaya qayıdıb.

    Bu gün “Xarıbülbül” təkcə musiqi bayramı deyil, həm də mədəni irsin yaşadılması və xalqlar arasında mədəni dialoqun gücləndirilməsinə xidmət edən ənənəvi bir platforma kimi dəyərləndirilir.

    Lamiyə Məmmədova

    Xəyal Vəlizadə













































    Mənbə

  • Yeni agentlik yaradıldı 
							 – Fərman

    Yeni agentlik yaradıldı – Fərman

    Azərbaycan Prezidenti İlham Əliyev tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb.

    “Qafqazinfo” xəbər verir ki, Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) yaradılıb.

    Qeyd olunub ki, sözügedən Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur.

    Mənbə

  • “Gənclik”dəki tuneldə ağır qəza, yaralı var 
							 – Video – Yenilənib

    “Gənclik”dəki tuneldə ağır qəza, yaralı var – Video – Yenilənib

    Bu gün paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.

    “Qafqazinfo” xəbər verir ki, metronun “Gənclik” stansiyasının yaxınlığındakı avtomobil tunelində “Hyundai” və “Lexus” markalı minik avtomobilləri toqquşub. Nəticədə, avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.

    Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadası, eləcə də polis əməkdaşları cəlb edilib.

    TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Nərimanov rayonu, H.Əliyev küçəsindən çağırış qeydə alınıb.

    Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfindən 1984-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Sağ bazu sümüyünün sınığı diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

    Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

    Mənbə

  • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına 
							 – 10 il 6 aylıq cəza verildi

    Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına – 10 il 6 aylıq cəza verildi

    Bir il əvvəl ictimaiyyətə daha çox qalmaqallı ailə mübahisəsi kimi təqdim olunan iş adamı Fuad Allahverdiyevin işi bir neçə gün əvvəlki məhkəmə hökmü ilə fərqli hüquqi məzmun alıb. 

    “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevin keçmiş həyat yoldaşı Allahverdiyeva Gülşən Əsgər qızı hədə-qorxu ilə tələb etmə və qanunsuz materialların yayılması ilə bağlı cinayət əməllərində təqsirli bilinib.

    Hadisələrin ilkin mərhələsində əsas diqqət Fuad Allahverdiyevə qarşı irəli sürülən ittihamlara yönəlmişdi. 2025-ci ildə yayılan məlumatlarda onun keçmiş həyat yoldaşı ilə bağlı cinayət işi üzrə məhkəmə qarşısına çıxarıldığı, barəsində müxtəlif ittihamların irəli sürüldüyü bildirildi. 

    Lakin sonrakı məhkəmə qərarları bu mənzərəni dəyişib. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, Xəzər Rayon Məhkəməsi 2025-ci ildə Fuad Allahverdiyevə qarşı irəli sürülmüş ittihamlardan biri üzrə bəraət hökmü çıxarıb, həbsdə saxlanıldığı müddəti nəzərə alaraq onun nəzarət şərti ilə məhkəmə zalından azadlığa buraxılmasına qərar verib. Sonradan isə o, amnistiya aktına əsasən cəzadan azad edilib, hazırda məhkumluğu yoxdur.

    28 aprel 2026-cı il tarixli hökm isə işin başqa tərəfini ön plana çıxarıb. İstintaq materiallarına əsasən, Allahverdiyeva Gülşən Əsgər qızı Fuad Allahverdiyevə aid şəxsi xarakterli foto və video materialları qanunsuz şəkildə əldə edib, həmin materiallardan tamah məqsədilə istifadə etməkdə və hədə-qorxu yolu ilə külli miqdarda əmlak tələb edib.

    İş materiallarında diqqətçəkən epizodlardan biri tərəflər arasında 2014-cü ildə rəsmiləşdirildiyi bildirilən nikahla bağlıdır. Materiallarda həmin nikahın rəsmiləşdirilməsi ilə bağlı mübahisəli məqamların olduğu, bu epizod üzrə Allahverdiyeva Gülşən Əsgər qızının yaxın qohumu olan və həmin dövrdə Abşeron Rayon Qeydiyyat Şöbəsində çalışdığı bildirilən Tahirə Əsgərovanın adının keçdiyi qeyd olunur.

    Məhkəmə sənədlərində əksini tapan digər mühüm istiqamət pul və əmlak məsələsi ilə bağlıdır. Təqdim olunan məlumatlarda qeyd edilir ki, Allahverdiyeva Gülşən Əsgər qızı Fuad Allahverdiyevə məxsus pul vəsaitlərini ələ keçirməkdə də ittiham olunub. Həmin məlumatlara görə, bu vəsaitlərin bir hissəsinin sonradan onun qardaşı Elşən Əsgərov Əsgər oğlunun adına şəhərin mərkəzində bahalı mənzilin alınmasına yönəldildiyi bildirilir. Bu epizod işin yalnız şəxsi münasibətlər müstəvisində deyil, həm də əmlak maraqları və maddi nəticələr kontekstində araşdırıldığını göstərən əsas detallardan biri kimi təqdim olunur.

    Başqa bir mühüm detal isə cinayətdə istifadə olunduğu göstərilən mobil nömrə ilə bağlıdır. Bildirilir ki, intim xarakterli materialların paylaşıldığı “WhatsApp” qrupunun yaradılması və həmin materialların yayılması Allahverdiyeva Gülşən Əsgər qızının atası Əsgərov Əsgər Mikayıl oğlunun adına olan mobil nömrə üzərindən həyata keçirilib. Təqsirləndirilən şəxs məhkəmədə həmin nömrənin atasına məxsus olduğunu, qrupun onun tərəfindən yaradıldığını və videoların da atası tərəfindən paylaşıldığını bildirib. Lakin məhkəmə bu müdafiə mövqeyini qəbul etməyib. Hökm məhz Allahverdiyeva Gülşən Əsgər qızı barəsində çıxarılıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə 10 il, 242-ci maddəsi üzrə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzalar qismən toplandıqdan sonra Allahverdiyeva Gülşən Əsgər qızına qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun övadı 14 yaşına çatana kimi (2029-cu il) cəzanın çəkilməsi təxirə salınıb. 

    Beləliklə, əvvəlcə ictimaiyyətə Fuad Allahverdiyevin əleyhinə təqdim olunan qalmaqal sonrakı məhkəmə qərarları fonunda fərqli hüquqi mənzərə yaradıb. 2025-ci ildə onun adı ağır ittihamlarla gündəmə gətirilmişdi. 2026-cı ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü artıq keçmiş həyat yoldaşının şəxsi həyat materiallarından istifadə etməklə hədə-qorxu mexanizmi qurması məsələsinə hüquqi qiymət verib.

    Bu hökm yalnız ailə münaqişəsi kimi təqdim olunan hadisənin yekunu deyil. İş materiallarında şəxsi həyatın toxunulmazlığı, hədə-qorxu, əmlak tələbi, reputasiya zərbəsi və üçüncü şəxslərin adına rəsmiləşdirildiyi bildirilən əmlak epizodları kimi bir neçə istiqamət önə çıxır. Məhkəmə qərarı göstərir ki, şəxsi münasibətlər zəminində başlayan mübahisə hədə-qorxu və maddi tələb mexanizminə çevrildikdə məsələ artıq ailə müstəvisindən çıxaraq cinayət-hüquqi məsuliyyət doğuran hadisə kimi qiymətləndirilir.

    Mənbə

  • Gürcüstanda ağır qəza 
							 – Azərbaycanlılar həlak oldu

    Gürcüstanda ağır qəza – Azərbaycanlılar həlak oldu

    Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo” “Aktual.ge” portalına istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.

    Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

    Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

    Qeyd edək ki, APA-nın məlumatına görə, qəzada həlak olanlar azərbaycanlılardır.

    Mənbə

  • Ağakərim Səmədzadə nazirin I müavini oldu

    Ağakərim Səmədzadə nazirin I müavini oldu

    Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

    O bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.

    Mənbə

  • Bu dəfə “daş qayaya rast gəldi”… 
							 – Video

    Bu dəfə “daş qayaya rast gəldi”… – Video

    ABŞ Prezidenti Donald Tramp Pekində Çin Sədri Si Cinpinlə görüşərkən artıq imzasına çevrilən salamlaşma tərzini icra etməyə çalışıb.

    “Qafqazinfo” xəbər verir ki, Tramp Cinpinə əlini uzadıb, lakin onu özünə tərəf çəkməyə nail olmayıb.

    Onun bu cəhdi Si Cinpinin müqaviməti ilə üzləşib. Əksinə, Cinpinin də onu özünə tərəf çəkməyə çalışdığı müşahidə edilib.

    Qeyd edək ki, Tramp ötən ay Ağ Evdə Böyük Britaniya Kralı III Çarlzı qarşılayarkən də eyni hərəkəti etməyə çalışmış, ancaq müvəffəq ola bilməmişdi.

    Bir müddət əvvəl  isə Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Donald Trampla fransalı həmkarı Emmanuel Makronun salamlaşması gündəm olmuşdu. Onlar salamlaşarkən Ağ Ev rəhbəri Makronu özünə tərəf çəkməyə çalışmış, ortaya çıxan görüntü “qol güləşi” kimi xarakterizə edilmişdi.

    Mənbə

  • Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi

    Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi

    Beyləqan Rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətlə bağlı kadr dəyişiklikləri həyata keçirilib.

    “Qafqazinfo”nun məlumatına görə, xəstəxananın direktoru Muradov Bayram Cəbrayıl oğlu və inzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu tutduqları vəzifələrdən ayrılıblar.

    Məlumata əsasən, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı ilə aparılan struktur və kadr yenilənməsi çərçivəsində baş tutub. Bildirilir ki, hər iki şəxs vəzifədən öz ərizələri əsasında azad olunub.

    Ziya Əmirxanlı

    Fotoda: Elnur Mahmudov 

    Mənbə